İsrafil İsrafilov Tiflis Dram Teatrının baş rejissoru İrakli Gogia ilə görüşüb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Sandro Axmeteli adına Tiflis Dram Teatrının baş rejissoru İrakli Gogia ilə görüşüb.

Görüş zamanı ikitərəfli əlaqələrin inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İ. Gogia qeyd edib ki, SSRİ-nin dağılmasından sonra zəifləyən Gürcüstan və Azərbaycan teatrları arasındakı əlaqələr son illərdə inkişaf etməyə başlayıb.

Qonaq K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı və Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı ilə Akademik Milli Dram Teatrının mövcud əlaqələrini yüksək qiymətləndirib və əlavə edib ki, Azərbaycan müəlliflərinin əsərlərini, rejissorlarımızın quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundandır.

İ. Gogia eyni zamanda Gürcüstan və Estoniya teatrları arasında yaradılan qrupa Azərbaycanın da daxil olması, türkdilli ölkələrlə sıx əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib.

Görüşdə İ. İsrafilov irəli sürülən təkliflər müsbət qarşılayıb və qeyd edib ki, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr iki qonşu ölkənin mədəni əlaqələrinin daha da inkişafına gətirib çıxaracaq.

Please follow and like us: