Fevralın 28-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim iştirakçıları əvvəlcə teatrın foyesində Mustafa Mərdanovun həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.

Xatirə mərasimində çıxış edən teatrın bədii-rəhbər direktoru, Xalq artisti Azər Paşa Nemətov görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə nəzər salıb.

Mustafa Mərdanov 28 fevral 1894-cü ildə Mərənddə anadan olub. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi.

Xalq artisti Hacı İsmayılov çıxış edərək görkəmli sənətkarın həyat və fəliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Moskvada məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır. Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. Vurğuladı ki, ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Məşhur kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. “Kəndlilər”dən sonra 1940-cı ildə “Yeni horizont” (trest müdiri), 1941-ci ildə “Səbuhi” (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə, tamaşaçı diqqətindən yayınmır.

Hacı İsmayılov bildirib ki, onun ən uğurlu rollarında biri “O olmasın, bu olsun” filmindəki “intellegent” Həsən bəy olub.

12 dekabr 1968-ci ildə Mustafa Mərdanov Bakıda vəfat edib.

Ailəsi adından çıxış edən sənətkarın qardaşı qızı Nuranə Mərdanova Mustafa Mərdanovun xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.

Daha sonra Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olunub.

Tədbirdən sonra Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılıb.

N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova, (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov, (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və aktyor Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), əməkdar artistlər Əlvida Cəfərov (Osip), Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), aktyorlar Rüstəm Rüstəmov (Xristian İvanoviç Qibner), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edir.

Please follow and like us: