Akademik Milli Dram Teatrı 150-ci teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə başa vurub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Bədii rəhbər, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və teatrın direktor əvəzi, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yaradıcı heyətlə görüşüb, məzuniyyətə yollanan truppa üzvlərinə xoş istirahətlər arzulayıblar. Qeyd olunub ki, yeni mövsümdə – ilin sonunadək Akademik Milli Dram Teatrında üç yeni tamaşanın premyerası keçiriləcək.

Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləridir. 2024-cü ildən isə kollektiv dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı nümunələri ilə tamaşaçıların görüşünə gələcək.

“Qarabağnamə” tamaşası Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Firəngiz Mütəllimova, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Nəzrin Abdullayeva, Cavidan Novruz, Nigar Güləhmədova, Firuzə Balayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Akademik Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.  Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib.

Please follow and like us: