Noyabrın 7-də Akademik Milli Dram Teatrında Zəfər Günü münasibəti ilə tədbir keçiriləcək, “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Azərbaycanın haqq savaşının – 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında çıxışlar olacaq. Eləcə də, teatrın Vətən müharibəsində iştirak edən əməkdaşları – qazi Tərlan Əsgərli, iştirakçılar Ruslan Kərimov, Rüfət Cabbarov və Fuad Cəbrayılovun düşmənlə mübarizəsindən danışılacaq, “Qarabağnamə” tamaşası ilə bağlı fikirlər bölüşüləcək.
Teatrın Vətən müharibəsində iştirak edən əməkdaşlarından Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə, Ruslan Kərimov isə ““Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif təltif olunublar.
Qeyd edək ki, “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Aslan Şirin, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.