Akademik Milli Dram Teatrında Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı “Xəcalət” tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xocalı faciəsi haqqında çıxış edib, ermənilərin günahsız azərbaycanlıların başına gətirdiyi bəlalardan söz açıb. O, qeyd edib ki, Akademik Milli Dram Teatrı öz repertuarında olan tamaşaları tarixi günlərdə nümayiş etdirməklə insanların yaddaşını bir daha təzələyir, başımıza gətirilən bəlaları əyani şəkildə göstərir.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşasının quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.

Səhnə əsərində xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və aktrisa Xədicə Novruzlu çıxış edib.

Tamaşada uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətən Qarabağ savaşına da birgə getmiş, lakin sonradan onların həyat yolları ayrılmışdır. Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Bu 10 il müddətində Vətən torpaq həsrəti ilə yanıb yaxılır, Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanmışdır. İndi iki dost arasında Vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranmışdır.

Belə bir vaxtda ailəsi ilə birgə inşası yarımçıq qalmış xəstəxana binasına yığışmış Vətənin qızı ağır xəstələnir. Onun arvadı Fərqanə Vətəndən xəlvət Muradı tapır, ondan kömək istəyir. Vətən dostunun ona baş çəkmək üçün gəldiyini düşünsə də, söhbət əsnasında Fərqanənin Muraddan xahişi ona bəlli olur və onun halı pisləşir. Çünki vaxtilə Qarabağ savaşında dərd və qəmləri, fikir, düşüncələri eyni olan bu iki dostun indi fikir, düşüncələri də ayrı idi. Vətən həmişəki kimi Vətən həsrəti ilə yandığı halda, Muradın başı var-dövlətə qarışır və bu da onun vaxtilə can-ciyər dostu olan Vətəni çox incidir.

Əsərin konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir.

 

 

Please follow and like us: