Bz. Noy 17th, 2019

Teatr haqqında

 

10 mart 1873-cü ildə M.F.Axundzadənin «Lənkəran xanının vəziri» komediyası ilə Azərbaycan Dövlət Akademik Milli Dram (ADAMDT) və eyni zamanda milli peşəkar teatrın təməli qoyuldu. 146 illik bir dövrü əhatə edən sənət ocağı bu illər ərzində yüksək peşəkar səviyyəli tamaşaları ilə cəmiyyətin inkişafında müstəsna rol oynayıb və oynayır. Teatrda adları tarixə qızıl hərflərlə yazılmış saysız-hesabsız sənətkarlar ordusu yetişmişdir. ADAMDT-nın ötən əsrin müxtəlif dövrlərində teatrın yaranmasının 50 (1923), 75 (1948) və 100(1974), Azərbaycan müstəqillik qazandıqdan sonra isə, 125 (1998), 130 (2003) və 135 (2008) illik yubiley tədbirləri keçirilmiş, fərqlənənlər mükafatlandırılmışlar. Teatr bu illər ərzində İstanbul, Qahirə, Trabzon, Konya və digər şəhərlərdə keçirilən çoxsaylı festivallarda uğurla iştirak edərək, müxtəlif mükafatlara layiq görülmüşdür. Bu gün də teatr vaxtaşırı müxtəlif festivallara dəvətlər alır.ADAMDT-nın tarixində iz qoymuş, A.İsgəndərov, M. Məmmədov və T.Kazımov məhz bu sənət ocağında öz teatrlarını yaratmağa çalışmış və əsasən, buna nail olmuşlar.A.İsgəndərovun (1939-1960) “Həyat” (M.İbrahimov), ”Vaqif”, ”Fərhad və Şirin” (S.Vurğun),”Şeyx Sənan” (H.Cavid), “1905-ci ildə”, ” Almaz” (C,Cabbarlı)…M.Məmmədovun (1960-1963) ”Əliqulu evlənir” (S.Rəhman), ”Canlı meyit” (L.Tolstoy) ”Meşşanlar,” ”Həyatın dibində” (M.Qorki) ”Xəyyam” (H.Cavid), ”İnsan” (S.Vurğun), ”Müfəttiş” (N.Qoqol),”Dəli yığıncağı”, ”İblis” (C.Məmmədquluzadə)…T.Kazımovun (1964-1980) ”Fırtına,” ”Antoni bə Kleopatra” (U.Şekspir), ”Məhv olmuş gündəliklər”, Bağlardan gələn səs” (İ.Əfəndiyev), ”Ölülər” (C.Məmmədquluzadə) və digər tamaşaları tam yeni teatr estetikasından,rejissor yozumundan xəbər verirdi.Bu gün teatra rəhbərlik edən A.Nemətov da öz teatrını yaratmağı qarşısına məqsəd qoyub. Onun müxtəlif illərdə hazırladığı “Biganələr oteli” (R.İbrahimbəyov), ”Ah,Paris,Paris”, “Mənim sevimli dəlim” (Elçin),” Hamlet” (U.Şekspir), ”Boy çiçəyi” (İ.Əfəndiyev), ”Ölülər” (C.Məmmədquluzadə), ”Almaz” (C.Cabbarlı), ”Cəhənnəm sakinləri” (Elçin), “Sinif yoldaşları” (Y.Polyakov), “Ah, bu uzun sevda yolu” (Ə.Əmirli), “On ikinci gecə və yaxud hər nə istəsəniz” (V.Şekspir) və digər tamaşaları artıq “Azər Paşa Nemətov teatrı”nın yaranmağına əyani sübut hesab oluna bilər.Bu gün də teatr yüksək yaradıcılıq səviyyəsindədir. Sənət ocağı maraqlı, baxımlı və günün tələblərinə cavab verən tamaşaları ilə tamaşaçıların diqqət mərkəzində olmağa, onları narahat edən problemləri nümayiş etdirməyə qadirdir.