Ça. Mar 31st, 2020

Yaddaşlardakı Səməndər kimi…

Unudulmaz aktyor anadan olmasının 75-ci ilində də sevgi və sayğı ilə yad edildi

Bəli, o da səhnədən, televiziya tamaşalarından, kinolentlərdən xatirələrə əbədi bir yol aldı və beləcə, anadan olmasının 75-ci ilində də eyni sevgi, eyni hərarətlə anıldı, alqışlandı. Yəqin 41 illik ömrün, yarımçıq, həm də amansız kəsilən həyatın tək təsəllisi də məhz bu solmayan, şövqünü itirməyən tamaşaçı sevgisidir…

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli kino və teatr aktyoru, Əməkdar artist, bir-birindən fərqli çoxsaylı obrazların bənzərsiz ifaçısı Səməndər Rzayevin (1945-1986) anadan olmasının 75 illik yubileyi münasibətilə tədbir keçirildi.

Mədəniyyət Nazirliyi, Azərbaycan Teatrı Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə keçirilən yubiley gecəsində nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində sənətkarın ömür məqamları, səhnə, sənət yolunun əks olunduğu zəngin sərgi ilə tanış oldular. Cəfər Cabbarlı adına  Azərbaycan Dövlət Teatr Muzeyinin təşkil etdiyi sərgidə Səməndər Rzayevin müxtəlif illərdə fərqli tamaşalarda yaratdığı zəngin koloritli, xarakterik obrazları bir daha yada saldıq…

Sərgidə aktyorun vaxtilə sənətkarlıqla yaratdığı Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Fazil Küleyni (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), İkinci Rəşad, Əmir (“İkinci səs”, “Fərhad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, V.Şekspir) və s. obrazların fotoqalereyası yer almışdı.

Xatirə gecəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək Səməndər Rzayevin yaradıcılıq yolundan söz açdılar, xatirələrini bölüşdülər. Aktyorun yüksək sənətkarlıq və insani keyfiyyətlərindən, teatr səhnəsində, kinoda yaratdığı bir-birindən maraqlı obrazlarından söz açıldı.

Sənətkarın övladı Rübabə Səməndər atasını sevgi ilə xatırlayan tamaşaçılara, tədbir təşkilatçılarına təşəkkür etdi.

Çıxışların ardınca Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası Səməndər Rzayevin xatirəsinə ithaf olaraq nümayiş etdirildi. Qeyd edək ki, görkəmli rejissor Mehdi Məmmədovun 1978-ci ildə quruluş verdiyi tamaşada Fazil Küleyni obrazını Səməndər Rzayev oynamışdı.

Hazırda repertuarda olan tamaşa isə 2019-cu ildə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə səhnələşdirilib. Əsərə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, bədii tərtibat müəllifi Xalq rəssamı Nazim Bəykişiyev, rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır. Rollarda xalq artistləri Nurəddin Mehdixanlı və Kazım Abdullayev, əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Vəfa Rzayeva və başqaları çıxış edirlər.

Həmidə