Dekabrın 2-də Akademik Milli Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan Şəki Dövlət Dram Teatrının “Dar ağacı” tamaşası nümayiş olunub, teatrın foyesində görkəmli şairə həsr olunan sərgi açılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ilin fevral ayında görkəmli şairin yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Tədbiri giriş sözü ilə açan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi böyük töhfələrdən söz açıb.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli Bəxtiyar Vahabzadənin müəllifi olduğu əsərlərin Azərbaycan teatrında yerini və önəmini qeyd edib. Professor Bəxtiyar Vahabzadə ilə yaddaqalan xatirələrini bölüşüb.

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir tamaşa ilə davam edib. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa edirlər.

Please follow and like us: