Yusupova Şükufə

Şükufə Muhəddin qızı Yusupova

Aparıcı səhnə ustası

Şükufə Muxaddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakı şəhərində anadan olub.

Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı S.Vurğunun «İnsan»dramının tamaşasında Tatyana rolunu ifa edib.

Gənc aktrisa həmin ərəfədə «Azərbaycanfilm» kinostudiyasında «Tütək səsi» və «Xoşbəxtliyin qiyməti» filmlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov «Qılınc və qələm» (M.S.Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.

Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib.

Anyuta («Daşqın», A.Safronov), Müttəhimin arvadı («İstintaq», R.İbrahimbəyov), Təhminə, Zara xanım, Sədaqət («Xurşidbanu Natəvan», «Bizim qəribə taleyimiz», «Büllur sarayda», İ.Əfəndiyev), Həmidə xanım («Sizi deyib gəlmişəm…», Anar), Xavər («İblis», H.Cavid), Gülnar («Vaqif», S.Vurğun), Anna («Həyatın dibində», M.Qorki), Şölə xanım («Lənkəran xanının vəziri», M.F.Axundov), Lüsi («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Zəhra xanım, Sona Ərəblinskaya («Köhnə ev», «Mesenat», Ə. Əmirli), Qadın («Qatil», Elçin).

Aktrisa Azərbaycan Dövlət Televiziyasında N.Hacızadənin «Yaşa, ey haqq» (Ümbül banu), J.Koktonun «İnsan səsi» (Qadın), M.Normanın «Gecən xeyrə qalsın ana!» (Qız) əsərlərinin teletamaşalarında oynayıb.

Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq «Dörd bazar günü» (Ustanın qızı), «Ad günü» (Rəna), «1001 gecə» (Şəhrizad), «Musiqi ilə xaş» (Qadın), «Asif, Vasif, Aqasif» (Ana), «Nar ağacı haqqında xatirələr» (Mədinə), «Gümüş göl əfsanəsi» (Səidə), «Ümid» (Ana) və s. filmlərə çəkilib.

Şükufə Muxadin qızı Yusupova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.