Ramiz Novruz

Ramiz Qəvvam oğlu Novruz

Aparıcı səhnə ustası

Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda dörd il təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. Gənc aktyor burada Knyaz Zvezdiç («Maskarad», M.Lermontov), Məsxərəçi («Muradın kələkləri», T.Kazımov), General Şıxlinski («Bütün Şərq bilsin», N.Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona iri həcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. Onun Akademik teatrda oynadığı rolların siyahısını aşağıdakı formada ümumiləşdirmək olar.

r-novruz3İlk böyük rolu rejissor Əşrəf Quliyevin tamaşaya qoyduğu A. Safronovun “Gecənin sirri” tamaşasında polkovnik Lebedev (1981) olmuşdur. Mayor Edmund,  Məhəmməd Suvarlı,  ( «Şeyx Xiyabani»,  «Sevgililərin cəhənnəmdə vüsalı», İ.Əfəndiyev), Seyton, Edmund («Maqbet», «Kral Lir», V.Şekspir), Kreon («Mideya», J.Anuy), İbn Yəmin («İblis», H.Cavid), Loğman. Laçın («Fəryad», «Hara gedir bu dünya?», ), Fərhad («Sənsiz», Ş.Qurbanov), Baş redaktor («Mənim sevimli dəlim», Elçin),Pompey (“Pompeyin qafqaz yürüşü”, N. Həsənzadə), Andranik və Nostradamus («Hələ «sevirəm»deməmişdilər…», R.Novruz), Ələs bəy («Dirilən adam», Mir Cəlal), Qaçaq Süleyman («Ölüləri qəbristanlıqda basdırın», İ.Şıxlı), Murad («Xəcalət», H.Mirələmov).

Saqarelinin “Xanuma” tamaşasında Knyaz (rej. M.Mikayılov, Sartrın “Dəfn olunmayan ölülər” tamaşasında Anri (rej. Mehriban Ələkbərzadə), Dürremantın “Yaşlı xanımın gəlişi” əsərində(rej. R. Almuradlı) Alfred və İl, G.Ömərovun rejissoru olduğu Yunus Oğuzun “Nadir Şah” əsərində Nadir Şah, M. Mikayılovun tamaşaya qoyduğu  “Müfəttiş” əsərində Bələdiyyə rəisi rollarını uğurla ifa etmişdir.

R. Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor  «Sizi dünyalar qədər sevirdim» filmində general Həzi Aslanov, “Cavad xan” filmində general Sisyanov və s. rollara çəkilib. R. İsmaylovun “Alman klinikasına qeyri rəsmi səfər” (1988-89) əsərində Baba Əliyev, Rejissor Yavər Rzayevin “Sari gəlin” əsərində Rasim, Ramiz Həsənoğlunun “Cavid ömrü” filmində Mir Cəfər Bağırov obrazlarını uğurla canlandırmışdır. Rusiyanın RTR kanalında Vadim Ostrovskinin çəkdiyi 4 seriyalı“Sui-qəsd” (Покушение) filmində əsas rollardan birini – çeçen komandiri rolu, Samir Kərimoğlunun “Şər qarışanda” filmində Fərrux rolu da xalq artistinin uğurlu rolları siyahısındadır. Bundan başqa R. Novruz Rövşən İsaxın “Pərvanələrin rəqsi” və “Sonuncu fəsil” seriallarında Hikmət Bədirli və Xanlar obrazlarını uğurla canlandırmışdır. Rejissor A.Zamanlının  S. Behrənginin “Balaca qara balıq” hekayəsinə tamaşaya qoyduğu  mono tamaşasına çəkilib.  5 il “Mən Azərbaycanlıyam” verilişinin uğurlu aparıcısı olmuşdur.

L.Tolstoyun «Kreyser sonatası»(Musiqi müəllimi), V.Şekspirin «Antoni və Kleopatra» (Antonio),  «Yad qızı»(Nihad) və s. maraqlı rollar oynayıb.

R. Novruz həm də maraqlı qələm sahibidir. Xalqımız üçün ağrılı acılı mövzularda bir neçə pyes yazmış və bunlardan ikisi tamaşaya qoyulmuşdur. İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında , B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdur. 1992ci ilin sonunda həmin pyes AztV-də rejissor B. Osmanovun quruluşunda çəkilmişdir. R. Novruz öz pyesində Murad rolunda oynamışdır.r-novruz2

1996-cı ildə yazdığı “Hələ sevirəm deməmişdilər” pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə E. de Filipponun “Silindr” əsərini rus dilindən azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi ugurla tamaşaya qoymuş, həmçinin bu əsərdə Atilio rolunu ifa etmişdir.

Beynəlxalq Teatr festifallarının mükafatçısıdır.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.