Ramiz Məlik

Ramiz Ağarza oğlu MəlikRamiz_məlik

Aparıcı səhnə ustası

Ramiz Ağarza oğlu Məlikov (Məlik) 4 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Milli səhnə sənətimizin korifeyləri Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. O, aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin «Yastı təpə», Leonard Frankin «Yad adam», İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

O teatrin səhnəsində aşağıdakı rolları oynayıb:

Marsel («Hamlet», V. Şekspir), Aqşin, Barat, Haris («Od gəlini», «Almaz», “Ulduz yaxud Ədirnə fəthi”, C. Cabbarlı), Leytenant, Mayis («Mahnı dağlarda qaldı», («Sevgililərin cəhənnəmdə vüsalı», İ. Əfəndiyev), Teymur («Yastı təpə», Ə. Əylisli), Valter («Yad adam», L. Frank), Arif («İblis», H.Cavid), Jan («Dəfn edilməmiş ölülər», J.P.Sartr), Toğrul («Atabəylər», N. Həsənzadə), Antoni («Kölgələrin oyunu», Y.Edlis), Katib («Gecə döyülən qapılar», N.Xəzri), Dulu Xaqan («Özümüzü kəsən qılınc», B. Vahabzadə), Vilyams («Kəllə», N.Hikmət), Qaçaq Süleyman («Ölüləri qəbiristanlıqda basdırın», İ.Şıxlı), Mayor Metkaf (“Tələ”, A.Kristi) və s.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının «Şərqin şəhəri» (Bəhruz), Əlibala Hacızadənin «İnanmırsansa…» (Adil) , Nəriman Həsənzadənin «Kimin sualı var?» (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür.