Rəfael Dadaşov

 Rafael Məlik oğlu Dadaşov.

Aparıcı səhnə ustası

Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatala rayonunda anadan olub.

O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışır. Teatrın səhnəsində Zaur «Ümid» (M. İbrahimbəyov), Don Juan «Bəşərin komediyası, yaxud Don Juan» (M.İbrahimov), Klavdi, «Hamlet», Klavdio, «Heç nədən hay-küy» (V.Şekspir), Bəhram, «Fitnə» ( A.Şaiq), Vojevatov və Paratov «Cehizsiz qız» (A.Ostrovski), Rövşən «Əliqulu evlənir» (S.Rəhman), Müstəntiq «İstintaq» (R.İbrahimbəyov), Birinci repartyor «Səhra yuxuları» (Anar), Knyaz Xasay «Xurşidbanu Natəvan», Qədim «Büllur sarayda», Cəmil «Unuda bilmirəm», (İ.Əfəndiyev), Fikrət və Rəşad «Kimdir haqlı?» (B.Vahabzadə), Mirzə Fətəli «Mirzə Şəfi» (N.Xəzri), Vasif «İblis» (H.Cavid), , Qiyas «Şəhərin yay günləri» (Anar), Murad «Nakam qız» (A.Şirvanzadə), Fəxrəddin «Qılınc və qələm» (M.S.Ordubadi), Camal «Nişanlı qız» (S.Rəhman), Həsən Soltan «Şeyx Xiyabani» (İ.Əfəndiyev), Mayis «Sevgililərin cəhənnəmdə vüsalı» (İ.Əfəndiyev), Ədhəm Tağıyev «Dəlilər və ağıllılar» (İ.Əfənddiyev), Mindövlət və Aydar «Sokratı anma gecəsi»(Ç.Aytmatov və M.Şahanov), Tesey «Fedra» (J.Rasin), Özdəmir «Afət» (H.Cavid), Şeyx Nəsrullah «Ölülər» (C.Məmmədquluzadə), Hətəmxan ağa “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə) və s. tamaşalarda maraqlı obrazlar yaratmışdır.

Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın «Ötən ilin son gecəsi» (Rüstəm), K.Haldoninin «Mehmanxana sahibəsi» (Sinyor Kavaler), A.Qəhrəmanovun «Səni axtarıram» və «Bağışla» (Vasif müəllim), R.Qasımovanın «Yollar görüşəndə» (Həmid), H.Cavidin «Topal Teymur» (Orxan), Ü.Hacıbəyovun «Ordan-burdan» (Həmid), İ.Əfəndiyevin «Mənim günahım» (Sahib), İ.Səfərlinin «Göz həkimi» (Rauf), A.Rafın «İblis qadın» (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur.

Aktyor «Var olun qızlar» (İsa), «Yarımçıq qalmış serenada» (Saksafonçu), «Bəxt üzüyü» (Rasim), «Mənim ağ şəhərim» (Baş mühəndis) bədii, «Qaçaq Süleyman» (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.

Rafael Dadaşov 1987-ci ildə Əməkdar Artist, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.