Nərimanova Zemfira

Zemfira Əli qızı Nərimanova

Aparıcı səhnə ustası

Zemfira Nərimanova 1958-cu il aprel ayının 20-də Bakı şəhərində

anadan olub.

1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub.

1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Şeyda («Yastı təpə», Ə.Əylisli), Sofi («Yad adam», L.Frank), Təhminə, Xumar, Südabə («Xurşidbanu Natəvan», «Sevgililərin cəhənnəmdə vüsalı», «Dəlilər və ağıllılar», İ.Əfəndiyev), Kəniz, Nübar («Atabəylər», «Məhəbbət yaşadır», N.Hacızadə), Qadın («Sizi deyib gəlmişəm…», Anar), Rəna və Qaraçı («İblis», H.Cavid), Kama («Kərgədan buynuzu», M. İbrahimbəyov), Çiçək («Torpağa sancılan qılınc», N.Xəzri), Nastya («Həyatın dibində», M.Qorki), Kleopatra («Kölgələrin oyunu», Y.Edlis), Nisə xanım və Şölə xanım («Lənkəran xanının vəziri», M. F.Axundzadə), Banu çiçək («Özümüzü kəsən qılınc», Bəxtiyar Vahabzadə), Züleyxa, Xanım («Ah, Paris… Paris!..», «Mənim ərim dəlidir», Elçin), Qadın («Hərdən mənə mələk də deyirlər…», K Abdulla), Paolina («Kəllə», N. Hikmət), Marta («Anlaşılmazlıq», A.Kamy), Biatris (“Körpüdən mənzərə ”, A.Miller) və s.

Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da oynayıb. Onların arasında Leyla («Pəncərədə işıq», İlyas Əfəndiyev), Sarıköynək («Sarıköynəklə Valehin nağılı»), Rəna («Ordan-burdan», Üzeyir Hacıbəyovun felyetonları əsasında), Nərminə («Göz həkimi», İslam Səfərli), Zərnişan («İtkin gəlin», Əlibala Hacızadə) və s.

Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «Beş çərək» (Gülya), «Torpaq» (Qız), «Girişmə öldürər» (Zemfira) və s. kinolentlərinə çəkilib.

Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident mükafatçısıdır.