Hacı İsmayılov

Hacı Məcid oğlu İsmayılov

Aparıcı səhnə ustası

Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə Bakı şəhərində anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Sumqayıt Dövlət Dram Teatrına dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil olub. Bu teatrda M.F. Axundovun «Müsyö Jordan və dərviş Məstəri şah» komediyasında dərviş Məstəri şah rolunu ifa edib. Bundan sonra C. Patrikin «Qəribə missis Slvic» dramında Ceffi, A. Papayanın «Bəli, dünya dəyişib» komediyasında Səməndər, C.Cabbarlının «Sevil» pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.

1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin «Xəyyam» faciəsindəki İkinci qulam rolu ona tapşırılıb.

Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb. Həmin rolların siyahısı:

İkinci qulam və İbn Tahir («Xəyyam», H.Cavid), Dördüncü qaçaq, Muradalı, Fariz, Ağadadaş Nəcəfov («Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «Büllur sarayda», «Dəlilər və ağıllılar», İ.Əfəndiyev), Kişi, Səmərqəndli («Şöhrət və ya unudulan adam», «Məhəbbət əfsanəsi», N. Hikmət), Lakey və Novruz bəy, Məmmədəli bəy, Sönməz («Aydın», «Sevil»,(«Od gəlini», C.Cabbarlı), Fransisko («Fırtına»), Həkim, Qraf Kent («Maqbet», «Kral Lir», V.Şekspir), Yaralı zabit («İblis», H.Cavid), Mehdiqulu, Məsul katib, Qonşu («Ah, Paris… Paris!..», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», Elçin), Yan Çinq, İbn Zeyd, Şükür bəy («Özümüzü kəsən qılınc», «Dar ağacı», «İkinci səs», B.Vahabzadə), Teatr aktyoru (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə), Qoşqar Kəngərli («Bu dünyanın adamları», Hidayət), Mirzə Ələkbər Sabir («Hərənin öz payı», X. Qoca), Hacı Həsən («Ölülər», C.Məmmədquluzadə), Məşədi İslam («Dirilən adam», M.Cəlal), Əlməndər (“Alın yazısı” T.Minnullin), Həbibi (“Füzuli və Əsmər” M.M.Seyidzadə) , Maks Miller (“Şeyda”, H.Cavid).

Aktyor «Azərbaycanfilm» kinostudiyasında ilk dəfə «Ad günü» filimində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı lauratı adına layiq görülüb (1980). Bundan sonra «Bağlı qapı arxasında» (Alik), «Yol hadisəsi»(Mürşüd), «Ölsəm, bağışla » (Tağı), «Fəryad» (Rövşən), «Bəyin oğurlanması» (Tağı), «Özgə həyat» (Qasımov), «Həm ticarət, həm ziyarət» (Mustafa müəllim) filmlərində müxtəlif xarakterli rollara çəkilib.

Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu əsərlərdə iştirak edib. Onların arasında V.Səmədoğlunun «Yaşıl eynəkli adam» (Qafar), M.Süleymanlının «Fatehlərin divanı» (Qazi), Ü.Hacıbəyovun «Ordan- burdan» (Qoçu Gülbala), İ.Əfəndiyevin «Atayevlər ailəsində» (Xuruşid), A.Məmmədovun «Kişilər» (Səməndər), A.Babayevin «Nekroloq» (Fərəc) və s. tamaşalarda dramatik və tipik obrazlar yaratmışdır.

Məşhur kino və teatr aktyoru Hacı İsmayılov sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 19 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.