Cəfərova Bəsti

Bəsti Əli qızı Cəfərova

Aparıcı səhnə ustası

Bəsti Əli qızı Cəfərova 1959-cu ildə iyunun 13-də Bakı şəhərində anadan olub.

1976-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin «Quşu uçan budaqlar» psixoloji dramında Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrına dəvət olunub və Səltənət rolunu oynayıb.

Ədil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb.

Bəsti Cəfərova Akademik teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı, özünün işləməsində «Mən Dədə Qorqud…» (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin «Təskinlik verməyi unutmayın» («Kiçik şəhzadə», Qızılgül, Göl çiçəyi, və Fanarçı) və s. «Yuğ» Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın «Heydərbaba» əsəri əsasında səhnələşdirilmiş «Salam» (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb.

Akademik Milli Dram Teatrında Səltənət («Quşu uçan budaqlar», Ə. Əylisli), Nazlı, Bənövşə («Əliqulu evlənir», «Nişanlı qız» S. Rəhman), Qadın («Sizi deyib gəlmişəm…», Anar), Əsmər («Günah», R.Əlizadə), Bədidə və Nigar («Qanlı Nigar», S.Şendil), Gülruh, Azadə xanım, Ağabəyim ağa, Lalə, Sürəyya, Xurşidbanu Natəvan, («Şeyx Xiyabani», «Dəlilər və ağıllılar», «Hökmdar və qızı», «Büllur sarayda», «Tənha iydə ağacı», «Xurşidbanu Natəvan», İ. Əfəndiyev), Solmaz («Od gəlini»,C. Cabbarlı), Martrio («Dişi canavar», F. Q. Lorka), Qonerilya («Kral Lir», V. Şekspir), Qaliyə və Adlay («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov), Ədilə («Poçt şöbəsində xəyal», Elçin), Fedra («Fedra», J. Rasin), Afət («Afət», H. Cavid), Qadın («İnsan səsi», J. Kokto), Şəhrəbanu xanım (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F. Axundzadə), Kesariya ( “Kaş araba aşmayaydı!.. ”, O.İoseliani) və s. rollari ifa etmişdir.

Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Pəri («Solğun çiçəklər», Cəfər Cabbarlı), Gülay («Ər və arvad», Mar Bayğıyev), Alina («Astana», Anatoli Dudarev), Rəna («Analar», Əzizə Cəfərzadə), Ağabəyim ağa («Güllələnmiş heykəllər», Hüseynbala Mirələmov) əsərlərinin tamaşalarında da iştirak edib.

“Gün aydın mələyim” (O.Mirqasımov) filmində Aktrisa obrazına çəkilmişdir.

Bəsti Əli qızı Cəfərova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.

Prezident mükafatçısıdır.