Əsədova Məleykə

Məleykə Əlifağa qızı Əsədova

Aparıcı səhnə ustası

Məleykə Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala şəhərində anadan olub.

1983-87-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır: Gültəkin («Aydın», Cəfər Cabbarlı), Nəzifə («Dağ tikirik», Vaqif Səmədoğlu), Tamara («Dadaşbala əməliyyatı», Rəhman Əlizadə), Sədəf (“Sultanqulu körpüsü”, İsi Məlikzadə), Leyli («Leyli və Məcnun», Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).

1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Onun səhnə rolları bioqrafiyasına Akademik tearda ifa etdiyi aşağıdakı rollar daxildir: Dilarə («Əcəb işə düşdük», Şıxəli Qurbanov), Zərifə («Nişanlı qız», Sabit Rəhman), Nübar («Məhəbbət yaşadır», Nahid Hacızadə), Şahanə («Ana intiqamı», Vidadi Babanlı), Kordeliya («Kral Lir», Vilyam Şekspir), Şirin («Fərhad və Şirin», Səməd Vurğun), Selcan, Çılğın, Arzu («Özümüzü kəsən qılınc», «Dar ağacı», «İkinci səs», Bəxtiyar Vahabzadə), Gültəkin («Aydın», Cəfər Cabbarlı), Züleyxa və Kleopatra («Misir gecələri», Məmməd Səid Ordubadi, Nazim Hikmət, Vilyam Şekspir) və s.

Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalardakı rollardan Jalə («Yad qızı», Orxan Kamal), Əfsanə («İtkin gəlin» Əlibala Hacızadə), Cavidan («Dodaqdan qəlbə», Rəşad Nuri Güntəkin) , Sara («Apardı sellər Saranı», Kəmalə Ağayeva), Xurşidbanu Natəvan («Güllələnmiş heykəllər», Hüseynbala Mirələmov) və s. rolları göstərmək olar.

Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə Xalq Artisti fəxri adı ilə təltif olunub, Prezident mükafatçısıdır.