Xəlilova Sevil

Sevil Rza qızı XəlilovaXəlilova_Sevil

Dram Artisti

Sevil Rza qızı Xəlilova 10 yanvar 1953- cü ildə Bakı şəhərində anadan olub.

1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub.

Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin “Şöhrət və ya unudulan adam” psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib.

Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. Bunlardan:

Çeşmə («Kölgələr pıçıldaşır», S.Dağlı), Qumru («Şəhərin yay günləri», Anar), Zəvvar, Məşədi Orucun anası («Dəli yığıncağı», «Ölülər», C.Məmmədquluzadə), Humay («Əliqulu evlənir», S.Rəhman), Məlahət («Kimdir haqlı?» , B.Vahabzadə), Səadət («Büllur sarayda», İ.Əfəndiyev), Mədinə («Təhminə və Zaur», Anar), Kitti («Üç quruşluq opera”, B.Brext), Zərifə («Nişanlı qız», S Rəhman), Gülnar («Vaqif», S.Vurğun ), Enona («Fedra», J.Rasin), Züleyxa, Falçı Ağabacı («Poçt şöbəsində xəyal», “Mənim ərim dəlidir”, Elçin), Mələk («Köhnə ev », Ə. Əmirli), Xədicə xala («Hərənin öz payı», X. Qoca), İlçay (H.Cavid, «Afət»), Tubu xanım (“Hökmdar və qızı”, İ.Əfəndiyev ), Telli («Dirilən adam», Mir Cəlal), Güləndam («Ölüləri qəbristanlıqda basdırın», İ.Şıxlı), Cəvahir xanım («Eloğlu», A.Şaiq) və s. obrazlarini göstərmək olar.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. İ.Əfəndiyevin “Atayevlər ailəsi”ndə Mehrican, A.Məmmədovun «Kişilər»indəki Səlimə, M.F.Axundzadənin «Hacı Qara»sında Sona, Ə.Məmmədxanlının «Şərqin səhəri»ində Nataşa, R.Kaşkauasın «Yağışlı gecə»sində Auşra, Anarın «Ötən ilin son gecəsi»ndə Gülarə, R.Qasımovanın «Yollar görüşəndə»ki Rahidə, A.Qəhrəmanovun «Müsabiqə»sindəki Sevinc bu silsilədəndir.

Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə   1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti,                      24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.