Məmmədoğlu Əsgər

Əsgər Məmmədoğlu

  Dram artisti

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-cü ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar («Mirzə Şəfi», N.Xəzri), Qazı («Sizi deyb gəlmişəm», Anar), Səfər («Əliqulu evlənir», S.Rəhman), Cəllad («Maqbet», V.Şekspir), Musa («Bizim qəribə taleyimiz», İ.Əfəndiyev), Əcəm («Qanlı Nigar», S.Şendil), Siyasi icmalçı («Mənim sevimli dəlim», Elçin), Gözətçi («Özümüzü kəsən qılınc», B.Vahabzadə ), Qaraşoka («Sokratı anma gecəsi», Ç.Aytmatov), Səlim («Aydın», C.Cabbarlı), Qasıməli («Bu dünyanın adamları», Hidayət), Şou Zəli («Hələ Sevirəm deməmişdilər», Ramiz Novruz), Məzarçı («Hamlet» V.Şekspir), Zahir bəy («Xurşidbanu Natəvan», İ.Əfəndiyev), Ağadadaş Nəcəfov («Dəlilər və ağıllılar» İ.Əfəndiyev), Dilənçi («Varlı qadın» Ə.Əmirli), Kürən («Xəcalət», H.Mirələmov), Polad (“Eloğlu” A. Şaiq), Mir Bağır Ağa (“Ölülər”, C.Məmmədquluzadə), Yohan (“Son məktub ”, S.Sveyq), Qurbanolduğum (“Oğru cənnətdə yaxud Vinçenso de Pitore”, Eduardo de Flippo).

Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair («Evləri köndələn yar», Anar), Milis («Yaşıl eynəkli adam», V.Səmədoğlu), Nökər («Mehmanxana sahibəsi», K.Haldoni), Dəmir -qaya («Topal Teymur», H.Cavid), Narsatan («Qatarda» İ.Məlikzadə), Gümrah («Alov» M.Hüseyn) kimi obrazlar yaratmışdır. «Mozalan» satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Əsgər Məmmədoğlu, «Ömrun səhifələri» ( Ələsgər), «Xoşbəxtlik qayğıları» (Əlövsət), «Bəyin oğurlanması» (Ələsgər), «Tehran -43» (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır,

2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.