Teatrın tarixi

azdrama binaAzərbaycan Akademik Milli Dram Teatrı haqqında məlumat

Görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri 1873-cü il martın 10-da «Nəciblər klubu»nda M.F.Axundovun «Lənkəran xanının vəziri» komediyasını tamaşaya hazırladılar. Bununla da professional milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyuldu.
Əvvəllər pərakəndə, sonra isə müxtəlif birliklər və truppalar şəklində («Müsəlman Dram Artistləri İttifaqı», «Nicat», «Səfa» mədəni-maarif cəmiyyətləri, «Hacıbəyov qardaşları müdiriyyəti» və s.) tamaşalar verən teatr 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir.

azdrama2

Teatrın adı müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır. Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır.

Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin (1974) ordenləri ilə təltif edilmişdir.

Əsrimizin əvvəllərində dəstələr halında Qafqazda, Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada və s. yerlərdə qastrol səfərlərində olmuş teatr, Dövlət statusu aldıqdan sonra Moskvada (1930,1948,1959,1974,1996), Sankt-Peterburqda (1930), Kazanda (1930), İrəvanda (1926,1927,1954,1957), Tiflisdə (1960,1984), Daşkənddə (1934,1951), Aşqabadda (1934), Türkiyədə (1990,1992), Kiprdə (1992), Almaniyada (1992), Gürcüstanda (2011), Simferopolda (2011) uğurlu çıxışlar etmişdir.

azdrama3Azərbaycan Akademik Milli Dram Teatrının ötən əsrin müxtəlif dövrlərində 50 (1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilmişdir. Həmin dövrlərdə teatrın «Şərqin səhəri» ( Ə.Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, «Antoni və Kleopatra» (U.Şekspir), «Mahnı dağlarda qaldı» (İ.Əfəndiyev), «Şəhərin yay günləri» (Anar) və «İblis» (H.Cavid) tamaşaları isə Respublika Dövlət mükafatlarına layiq görülmüşdür. Azərbaycan müstəqillik qazanandan sonra isə bu səhnə ocağının yaranmasının 125, 130 və 135 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilmişdir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2006-cı il avqust ayının 5-dən 16-dək İstanbulda keçirilmiş III Beynəlxalq Məkan Teatrı Festivalında, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində 11-20 sentyabrda keçirilən Türkdilli Dövlətlərin «Tuqanlıq» IV Beynəlxalq Teatr Festivalında Elçinin «Qatil», 2008-ci ilin avqust ayının 10-dan 20-dək Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş XVIII Beynəlxalq Eksperimental Teatr Festivalında Fyodor Dostoyevskinin «Cinayət və cəza» romanının motivləri əsasında hazırlanmış «Cinayət oyunu», 2007-ci il may ayının 1-dən 8-dək Trabzonda keçirilən Qaradəniz Dövlətlərinin VIII Beynəlxalq Teatr Festivalında O.İoselianinin «Kaş araba aşmayaydı…», 2008-ci ilin aprel ayının 16-dan 22-dək Kazan şəhərində Elçinin «Arılar arasında» və Ə.Əmirlinin «Mesenat», həmin ilin oktyabr ayının 20dən 30-dək Türkiyə Respublikasının Ankara, Konya və Tarsus şəhərlərinin Bələdiyyə başçılarının dəvəti ilə həmin şəhərlərdə Elçinin «Arılar arasında», 2009-cu il yanvar aynın 20dən 30-dək Türkiyə Respublikasının Ankara və Kayseri şəhərlərində Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc», 2009-cu il aprel ayının 14-dən 24-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən «BİN NEFES BİR SES Uluslararası Türkçe Teatro Yapan Ülkeler Festivalı»nda türk dramaturqu Tuncer Cücenoğlunun «Uçqun», 2011-ci il sentyabr ayının 11-dən 18-dək Yalta şəhərində keçirilən «Teatr. Çexov. Yalta.» festivalında H.Mirələmovun «Xəcalət», həmin ilin oktyabr ayının 24-dən 27-dək Daşkənt şəhərində keçirilən «Teatr.UZ» II Beynəlxalq Teatr Festivalında J.Koktonun «İnsan səsi» tamaşaları ilə uğurla iştirak etmişdir.azdrama4

Teatrın iki yaruslu zalı 530 tamaşaçı üçün nəzərdə tutulub. Onun strukturuna yaradıcı və texniki heyət, bundan başqa prodüser fəaliyyəti və analitik informasiya şöbəsi, arxiv, muzey və s. bölmələri daxildir.

Yaradıcı heyətə 4 rejissor assistenti, baş rəssam, truppa üzrə köməkçi, ədəbi dram hissəsinin rəhbəri, bədii quruluş hissə müdiri, musiqi hissə müdiri, balet üzrə repetitor, vokal üzrə repetitor, texniki heyətə səhnə quraşdırma sahəsi, radio, işıq, geyim, qrim, tikiş (qadın və kişi), butafor, əlbəsə, dülgər sexlərinin işçiləri daxildir.

Aktyor truppasında 15 Xalq Artisti, 26 Əməkdar Artist, 14 dram artisti və 7 yardımçı heyət artisti fəaliyyət göstərir.

Əsaslı təmirdən sonra, 2011-ci il mart ayının 10-da teatr mövsümünü açmışdır. İlin sonuna kimi 11 yeni tamaşa hazırlanmışdır. Təmirdən əvvəl repertuarda olan bir çox tamaşalar bərpa olunmuşdur.
Hazırda kollektiv yeni tamaşalar üzərində işləyir.