İsrafil İsrafilov

IMG_2091 İsrafil Ramazan oğlu İsrafilov — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (13 may 2010-cu ildən), Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin sabiq direktoru (2003-2010), sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədr müavini.

Həyatı

İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ilin sentyabr ayının 10-da Bakı şəhərində anadan olub.

1956-cı ildə Bakıdakı 31 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib.

1967-1971-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil alıb, 1971-1972-ci illərdə Ordu sıralarında xidmət edib.

1973-1975-ci illər Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975-1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışıb, bu zaman rejissor fəaliyyəti ilə məşğul olmuş, görkəmli rejissor T. Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən, V. Şekspirin “Fırtına”, M. S. Ordubadinin “Qılınc və Qələm”, Anarın “Şəhərin yay günləri”, M. F. Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”, A. Safronovun “Daşqın” əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib.

1978-1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru, 1986-1989-cu illərdə Azərbaycan KPMK-nın mədəniyyət şöbəsində təlimatçı, 1989-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991-ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi, 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, 1993-2003-ci illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin, 2003-cü ilin may ayından 2010-cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru kimi vəzifələrdə çalışıb.

Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı seçilərək, 1991-1995-ci illərdə fəaliyyət göstərib.

Qeyd edilən illərdə elmi-yaradıcılıq işlərimi davam etdirərkən ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200-ə yaxın məqalələr yazmış, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib.

Səhnə sənətimizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi almış, (1985) daha sonralar rejissor sənəti sahəsində tədqiqatlarım mənə sənətşünaslıq doktoru ( 2004 ) alimlik dərəcəsi qazandırıb.

Teatr sənətinin elmi-nəzəri məsələləri, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların bəhrəsi kitablarımda öz əksini tapmışdır. “Sən nə üçün yaşayırsan?” (rus dilində), “Həyatın səhnəsi, səhnənin həyatı”, “Düşündüklərim”, “Zaman. Rejissor. Poetika”, “Ədil İsgəndərovun teatrı”, “Mehdi Məmmədovun rejissor sənəti” adlı monoqrafiyaları da öz əksini tapıb.

“Azərbaycan milli rejissor sənətinin poetikası” kitabım mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilmişdir.

Ayrı-ayrı illərdə “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.

Elmi-tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir. Hazırda “Xarici teatr” (antik dövrdən XXI əsrə qədər), “Azərbaycanın teatr rəssamları” adlı kitablar üzərində işləyir.

Türkdilli dövlətlərin teatr rəhbərləri şurasının sədridir, Teatr Xadimləri İttifaqının idarə heyətinin, Azərbaycan Yazıçılar birliyinin, eləcə də dissertasiya müdafiəsi Şurasının, Qafqaz müsəlmanları idarəsinin elmi-dini şurasınin üzvüdür.

İsrafil İsrafilov 2010-cu il mayın 13-də Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur.

2015-ci ildə “Avropa Nəşr Mətbuat Evi”nin təsis etdiyi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.