Fərqli və maraqlı “Sinif yoldaşları” – Şahanə Müşfiq yazır

Bəzən insan özündən, düşüncələrindən, yaşadıqlarından, ya da yaşaya biləcəklərindən qaçmaq, qurtulmaq ehtiyacı hiss edir.

Sanki ətrafındakı hər şey güzgüyə çevrilir, özü də elə-belə güzgüyə yox. Bu güzgü canlıdır, inadkardır, qəddardır, eynən insanlar kimi! Sənin böyük bir inadkarlıqla görməmək üçün gözlərini qapadığın şeyləri sənə toxundurur, qulaqlarına pıçıldayır. Onda ümidin hər yerdən üzülür, “insan nədən də qaçsa, özündən qaça bilməz” sözlərinə haqq verməyə hazır vəziyyətə gəlirsən ki, birdən gözün müxtəlif teatrların cari aya olan tamaşalarından seçib özün üçün hazırladığın, öncədən yazıb komputerin baş tərəfindən asdığın özəl “Afişa”na sataşır. Baxırsan ki, elə bu gün – sən üstünə gələn dünyadan daldalandığın otağının küncündə bir qaçış yolu axtararkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları, yaradıcı heyəti yeni və ilk premyerasından rezonansa səbəb olan tamaşanın axşamkı nümayişinə hazırlaşırlar. Sevincdən gözlərin parıldayır, ürəyini sıxan bütün narahatçılıqlar “narahatlıqla” içində var-gəl etməyə başlayırlar, qeyri-ixtiyari dodaqlarına gülüş qonur: Evrika!

Axı özündən, öz problemlərindən qaçmağın ən gözəl yolu başqa bir həyatlara şahidlik etmək, başqalarının dərd-səri ilə məşğul olmaqdır. Bu şansı bizim üçün ən gözəl şəkildə yaradan isə teatrdan başqası olmaz, əlbət! Deməli, rahatlıq və insanı hər şeydən arındıran estetik zövq bir neçə saat məsafəsindədir.

lll

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu il də ənənəsinə sadiq qalaraq mövsümün əvvəlində maraqlı və bir o qədər də düşündürücü əsərin premyerası ilə başladı – “Sinif yoldaşları”. Mədəniyyət Nazirliyinin sifarişilə hazırlanan tamaşanın premyerasını özünəməxsus edən səbəblərdən biri də müəllifin iştirakı idi.

Tanınmış rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir. Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.

Yeni yaradıcılıq işində teatrın aktyorları – Əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı, Füzuli Hüseynov Rövşən Kərimduxt, Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış ediblər.

Ümumi şəkildə desək, səhnə əsəri sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən, eyni zamanda, həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda, mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər.

lll

Pərdələr açılar-açılmaz bizi gözəl aktrisalarımız Sənubər İsgəndərli (Svetlana Poqojeva) və Səidə Quliyeva (Yevgeniya Petrovna) salamlayırlar. Daha doğrusu, onlar üstünə ağappaq örtük salınmış böyük bir masanın ətrafında var-gəl edir, deyəsən, hansısa qonaqlığa hazırlaşırlar. Bu arada öz aralarında adi, bəsit məişət söhbətləri gedir. Düzünü desək, bu söhbətlər o qədər adda-buddadır ki, konkret nəsə anlamaq və ya bu söhbətdən müəyyən bir sujet çıxarmaq mümkün olmur. Bu da müəllifin təbiiliyə meylindən irəli gəlir. O, hər şeyi elə ilk səhnədəncə açıb tökmür. Axı, hansımız söhbətin ortasında danışdığımız mövzu haqqında geniş resenziya veririk ki? Hamımızın adi söhbətləri adda-budda deyilmi?

Söhbətdə anladığımız tək şey odur ki, ziyafətin səbəbi Svetanın (S.İsgəndərli) sinif yoldaşı, Yevgeniyanın (S.Quliyeva) isə oğlu İvan Kostromitinin (Mətləb Abdullayev) 40 yaşıdır. Hiss olunur ki, Sveta bu ailəyə heç də yad deyil. Hətta Yevgeniya söz arasında onunla İvanın məktəb dövründəki sevgilərini də xatırlayır. Sveta bu məsələyə biganə kimi görünsə də, içindəki təlatümü tələsik və qeyri-dəqiq hərəkətlərindən sezmək böyük və qaranlıq tamaşa zalının lap axırıncı oturacağından belə çətin olmur. Bu qədər təlaşın və söhbətin içərisində səbəbkar gözə dəymir. Elə bunu düşünərkən öyrənirik ki, sən demə, İvan Əfqanıstan Müharibəsi əlilidir. Svetayla eşq macərasının yarıda qırılmasına səbəb də bu bədbəxt hadisədir.

Hər iki qadın söhbət edə-edə bir tərəfdən stolu bəzəyirlərsə (xüsusən, Sveta), bir tərəfdən də qonaqları gözləyirlər. Qonaqlar isə İvan və Svetanın 20 il öncəki “odnoklasniki” – sinif yoldaşlarıdır. Onlar bir-birindən ara-sıra xəbər tutsalar da, uzun illərdən sonra əvvəlki dövrdəki kimi bir qrup şəklində ilk dəfə toplaşacaqlar. Hamı həyəcanlıdır…

lll

İlk qonağın – Fyodor Stroçkovun (Ramiz Novruz) gəlişilə əsas hadisələr başlayır və iki hissəli, ümumən üç saata yaxın davam edən tamaşa bizi bütünlüklə öz ağuşuna alıb, zamanı, məkanı da unutdurmağı bacarır. İndi biz o stolun ətrafında, o sinif yoldaşlarının dünyasındayıq və ilk işimiz onları yaxından tanımaqdır.

Fyodor şairdir, amma əyyaşdır. Uşaqlığından şeirlər yazan adam, görünür ki, hələ məktəb vaxtından savadlı olub, hətta bütün sinif yoldaşlarına imtahanlarda, yoxlama yazılarda kömək edib. Amma sonrakı həyatı göz önündədir – cibində araq stəkanı gəzdirən, nimdaş və səliqəsiz geyimi, pırtlaşıq saçları və üzərinə, nəfəsinə hopmuş spirt iyi ilə insanları özündən uzaqlaşdıran səfil bir şair. Bu səfil həyat onun savadını da, şairliyini də insanların gözündə heçə endirib. Çünki onun PULu yoxdur. Bu “PUL” sözünü yadınızda yaxşı saxlayın, hələ tez-tez qayıdacağıq…

“Ona hörmət etmirlər” dedim. Bunu hələ ilk qapı zəngində sezirik. O, zəngi vurur, qadınlar onun olduğunu bilirlər (çünki o, hər yerə vaxtından tez gedər), amma öz söhbətlərindən qalmırlar. Zəng səsi dəfələrlə təkrarlanandan, hətta qapı möhkəm döyülməyə başlayandan sonra səbirsizliyinin qarasınca deyinə-deyinə gedib qapını açırlar. Yəni onu gözlətmək heç veclərinə də deyil.

Hər iki qadın (sonradan Fyodor da, daha sonra isə hamı) Çermet dedikləri kimdirsə, həsrətlə onu gözləyirlər. Hətta Fyodordan sonrakı hər qapı zəngində onun gəldiyini zənn edib elə ilk dəfədən qaçaraq, böyük sevinclə qapını açmağa tələsirlər. Çünki  Viktor Çermetov (Füzuli Hüseynov) mer olmaq həvəsinə düşmüş oliqarxdır, “pulunu balta kəsmir” və yeri gələndə sinif yoldaşları üçün də azdan-çoxdan maddi hansısa yardımlar edir. Söhbət əsnasında isə heç kim tərəfindən sayılmayan Fyodor yana-yana deyir: “Çermet də uşaq vaxtı yoxlamalarını məndən köçürərdi”. Bu cümlə və sinif yoldaşlarının Fyodoru süfrə arxasına buraxmamaqları bütün əsərin əsas məğzini, ideyasını açıb ortaya qoyur. Kapitalist cəmiyyət insanları savadına, ağlına görə dəyərləndirir. Bu, dünən də belə olub, bu gün də belədir, sabahdan da belə getsə elə bunu görəcəyik.

lll

Nəhayət, hər qapı döyüldükcə biz daha bir sinif yoldaşı ilə tanış oluruq.

Pullu ər axtarışıyla qocalan, amma bunu heç cürə qəbul etməyən gözəllik “kraliçası” Anna Falikova (Şəlalə Şahvələdqızı) tamaşanın ən rəngli və dinamik obrazlarından biridir. Aktrisanın məharətli ifasıyla yüngül həyat tərzi keçirən bu pul düşkünü qadının xarakteri bütünlüklə açılır. Tamaşaçı onun bu həyat tərzi, haqsız mövqeyi ilə bəzən razılaşmasa da, onun şaqraq gülüşü, şən zarafatları, həyat sevgisi sayəsində ona qəzəblənə bilmir.

Dini alverə çevirən içki düşkünü Mixail Tyablov (Rövşən Kərimduxt), vətəndən uzaq düşmüş, hər fürsətdə atasının imkanları ilə öyünən özünə güvənsiz jurnalist Boris Lipovetski (Cəfər Namiq Kamal), istəmədiyi, seçmədiyi, məcbur yaşamaqda olduğu həyatın qurbanına çevrilən zavallı müəllimə Sveta, bir də özündənrazı, insanlar da daxil, hər şeyi pul gücünə əldə edə biləcəyinə inanan Viktor Çermetov. Bu sinif yoldaşları 20 il öncəki məktəb illərini, saf uşaqlıq xatirələrini yenidən yada salmaq üçün görüşsələr də, mümkün olmur. Çünki heç biri həmin adam deyil. Maddiyyat, pul düşkünlüyü, daim yeni sürprizlərlə dolu həyatın çətin və sərt üzü onları tamamilə dəyişib, yeni insana çevirib. Onlar üçün müqəddəs olan bircə şey qalıbsa, o da puldur! Artıq onlar məsum uşaqlar deyillər. O məsum uşaqlıqla onların arasında gözlə görünəcək qədər böyük bir uçurum yaranıb və onlar bir-bir artıq bu uçuruma yuvarlanmaq üzərədirlər.

Bu çirkab içərisində təmiz qalan bircə İvandır. Çünki belə götürsək, onun çirklənməyə vaxtı da olmayıb. Hələ gəncliyində könüllü qatıldığı müharibədən yarımcan qayıdıb, nə gəzə, nə danışa, nə də hərəkət edə bilir. Ancaq yaşayır və ətrafında baş verənlərdən xəbərdardır. Nə olsun? Qarşı çıxa, müdaxilə edə bilmir. Uşaq vaxtı sinif yoldaşlarının hamısının həyatına müəyyən toxunuşları olan, onlara hansısa yaxşılıqlar edən adam indi onların bu uçuruma yuvarlanmaqlarını əlil arabasında, başı sağ tərəfə əyilmiş halda sakitcə seyr edir. Tamaşa boyunca bircə sözü belə olmayan aktyor Mətləb Abdullayev o səssizliyi ilə əslində, çox şeyləri ifadə edir. Anlaya bilənə…

Bu 20 il ərzində onlar insana xas hansısa cəhətlərini, ideyallarını itiriblər. Görünür ki, özləri də bu itkinin fərqindədirlər. Amma bəzən eqo, bəzən qürur, bəzən başını qatan həyat qayğıları bu itkini özlərinə belə etiraf etməyə qoymur. Onlar da əslində, özlərindən, yaşadıqlarından, yaşayacaqlarından qaçırlar. Kimisini bu qaçış Avstraliyaya, kimisini kilsəyə, kimisini podyuma, kimisini içkiyə, kimisini isə pulun ağuşuna aparıb çıxarır. Tamaşa da məhz bu itki və ondan qaçış üzərində qurulub.

Burada sinif yoldaşlarından başqa da personajlar var. Məsələn, Svetanın qızı Olqa (İlahə Həsənova) saçları kimi rəngli, ipə-sapa yatmayan, çılğın xarakterdir. Hiss olunur ki, anasının gəncliyindən kəskin şəkildə fərqlənir. Onun bu cür yetişməsinin səbəbi isə sonda açılır. Normal başlamayan həyat, anormal ailə, bir-birinə yad ata-ananın çevrəsində yeniyetmə bir qızın bu cür özbaşına şəkildə böyüməsi heç də təəccüblü deyil.

Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytenant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayevin (İkinci cangüdən) rolları da tamaşaya ayrı bir dad-duz qatır.

Tamaşa aktual mövsuzu, kəskin konflikti, dinamik sujet xətti, sadə və xoşagəlimli musiqi seçimi, ələxsus, peşəkar və mahir aktyor ifası ilə diqqət çəkir. Aktyor seçiminə görə yaradıcı heyətə xüsusi təbrik və alqış düşür. Uzun illərdən bəri tanıdığım, dəfələrlə səhnədə, ekranda müxtəlif rollarının şahidi olduğum aktyorlar bu dəfə tamamilə fərqli obrazlarla qarşımıza çıxırlar və özlərinin səmimi ifaları ilə bizi bu rolların məhz elə onlara verilməli olduğuna inandırırlar.

lll

Hər tamaşada olduğu kimi, burada da bəzi tamaşaçılar diqqət çəkməyi bacardılar. Belə ki, Sənubər İsgəndərli ilə Füzuli Hüseynovun cəsur, bir az da açıqlığa meylli səhnəsi (bu arada Sənubər xanım necə riskli və işinin peşəkarı bir aktrisa olduğunu bir daha sübut elədi) tamaşaya uşaqlarla gələn bəzi valideynləri narahat elədi və onlar uşaqlarını da götürüb hirslə tamaşanı tərk etdilər. Düzünü desəm, bu mənzərə məni xəyal qırıqlığına uğratdı. Bütün gün əmisi arvadına aşiq olan oğlanın, təcavüzünə məruz qaldığı adama ərə gedən qızın həyatını mövzu seçən Türkiyə seriallarına baxan valideynlərin bircə dəqiqəlik (əslində isə uşaqların tərbiyəsinə xələl gətirəcək, problemə çevriləcək heç nə yox idi) açıq səhnəyə dözümsüzlüyü sənət anlayışına tamamilə zidd idi. Yenə də ümidsizliyə qapılmır və geriyə boylandığımızda gördüyümüz mənzərə ilə indiki mənzərəni müqayisə etdikdə irəliləyişin olduğunu gördüyümüzdən, bunların da zamanla düzələcəyinə inanırıq!

Bir daha bu cür bədii və ictimai cəhətdən aktual olan mövzuya müraciət edib belə bir dəyərli sənət əsəri ortaya qoyduqlarına görə Akademik Milli Dram Teatrını və şəxsən tamaşanın yaradıcı heyətini təbrik edir, bu əsərin də hələ uzun müddət repertuarda qalacağına və sonsuz tamaşaçı sevgisi qazanacağına əminliyimizi söyləyirik. Tamaşa bu uğuru artıq indidən qazanıb!