“Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub

Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.

Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Qeyd edib ki, Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Vurğulayıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub.

Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), xalq artisti Hacı İsmayılov (Müdrik şair), aktyor Elnar Qarayev (Dost şair), əməkdar artistlər Elşən Rüstəmov (Novator şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) və əməkdar artist Elşən Cəbrayılov (aparıcı) ifa edir.

Tamaşanı Xanım Həsənova idarə edib.

Tamaşadan əlavə şəkillər

Bir cavab yazın