Nazir Əbülfəs Qarayev mədəniyyət təhsili müəssisələrinin müəllimlərini təbrik edib

Təbrikdə deyilir: “Hörmətli mədəniyyət təhsili müəssisələrinin müəllimləri! Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm!

Mədəniyyət sahəsinin gələcək inkişafı bizim təhsil müəssisələrində kadr hazırlığının keyfiyyətindən asılıdır. Mədəniyyət Nazirliyi sistemində Bakı Xoreoqrafiya Akademiyası və 212 uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzləri fəaliyyət göstərir. Fərəhli haldır ki, şagird və tələbələrimiz həm təhsildə böyük uğurlar əldə edir, həm müsabiqə və festivallarda yüksək nəticələr göstərir, həm də xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Bütün bunlar bizim hörmətli müəllimlərimizin fədakar əməyinin nəticəsidir.

Müasir dövrdə bədii təhsil müəssisələri incəsənət sahəsində ənənəvi ixtisaslar üzrə ilkin peşə hazırlığı aparan tədris ocaqları olmaqla yanaşı xalqın mədəniyyətini qoruyub inkişaf etdirən, müxtəlif ölkələrin incəsənətini öyrənməklə mədəni tolerantlığı yayan, uşaq və gənclərdə multikultural dünyagörüşü formalaşdıran bədii-estetik tərbiyə mərkəzlərinə çevrilirlər.

Bu bayram günündə gələcəkdə mədəniyyət sahəsinə xidmət edəcək mütəxəssisləri – musiqiçiləri, rəqqasları, rəssamları, balet artistlərini, vokalçıları, xanəndələri hazırlayan müəllimlərə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bəllidir ki, mədəniyyət sahəsində təhsil olduqca böyük əhəmiyyətə malik olaraq, peşə vərdişləri verməklə yanaşı insanın mənəvi keyfiyyətlərinin formalaşmasına, onun hərtərəfli inkişafına xidmət edir.

Əziz müəllimlər! Bir daha sizi peşə bayramınız münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə yeni müvəffəqiyyətlər arzulayıram.”

Bir cavab yazın