Qırğızıstan mətbuatı Akademik Milli Dram Teatrının “Manqurt” tamaşasından yazıb

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində hazırlanan “Manqurt” tamaşası Qırğızıstan mətbuatında geniş işıqlandırılıb. Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, oxucular arasında böyük populyarlığa malik bir neçə mətbuat orqanı, o cümlədən “kabar.kg”, “asiatv.kg”, “24.kg”, “vecherka.kg”, “knews.kg” və b. saytlar səhnə əsəri haqqında xəbərlər və resenziyalar dərc edib.

Yazılarda Akademik Milli Dram Teatrının dünya şöhrətli yazıçı Çingiz Aytmatov yaradıcılığına müraciət etməsi müsbət hal kimi dəyərləndirilir, bu fakt teatrın repertuar zənginliyi kimi xarakterizə olunur. Tamaşanın quruluşunu, rəssam işini, aktyor oyununu və musiqi tərtibatını yüksək qiymətləndirən yazı müəllifləri “Manqurt”un uğurunu iki ölkə arasında teatr əlaqələrinə töhfə adlandırıblar.

Qeyd olunub ki, tamaşanın mövzusunu, üslubunu və yaradıcı heyətin peşəkar yanaşmasını dərindən dərk aktyorlar tamaşaçıları valeh ediblər.

”Tamaşanın finalı insanı sarsıdır. Zalda isə hər kəsin reaksiyası eyni şəkildə oldu, tamaşaçı təəssüratı yekdil idi: əvvəlcə gördüklərindən, tamaşa etdiklərindən susdular, sonra isə uzun, sonsuz alqışlar başladı” – deyə, qeyd olunur.

Məlumat üçün qeyd edək ki, tamaşanın premyerasında Qırğızıstanın Azərbaycandakı səfiri, səfirliyinin əməkdaşları və digər qonaqları iştirak etmişdi.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edib.

Bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

Bir cavab yazın