Nazir: “Akademik Milli Dram Teatrı yeni yol, yeni istiqamət tutub”

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində fəxri adlara layiq görülmüş teatr xadimlərinə mükafatların təqdim olunma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, millət vəkili Rəşad Mahmudov və digər rəsmi şəxslər, sənət xadimləri iştirak edib.

Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək dövlətin teatra olan diqqət və qayğısından danışıb, bu sahədə aparılan işlərdən söz açıb. Nazir bildirib ki, dövlət teatr üçün bütün işləri görür, teatra yüksək səviyyədə qayğı göstərir: “Biz hörmətli Prezidentimizə minnətdarlığımızı bildirməliyik ki, hər il yaradıcı insanlara yeni mükafatlar verir, yeni fəxri adlarla təltif edir, onlara təqaüd ayırır. Bu gün Akademik Milli Dram Teatrının yeni, gözəl və qeyri-adi səhnəsində fəxri adla təltif olunmuş insanlara bu adları təqdim edirik. Qeyd etmək istəyirəm ki, Akademik Milli Dram Teatrı son vaxtlar yeni yol, yeni istiqamət tutub, yeni işıq tapıb. Mən sevinirəm ki, Akademik Milli Dram Teatrında aparılan bu axtarışların məntiqi nəticəsi tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanır. Akademik Milli Dram Teatrında 146-cı teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə başlayırıq. Bu, bizim yükümüz, götürdüyümüz öhdəliyimizdir. Bu öhdəlik bundan ibarətdir ki, Azərbaycan ordusu Şuşanı işğaldan azad edən gün “Qarabağnamə”ni orada nümayiş etdirəcəyik”.

Nazir Ulu öndər Heydər Əliyevin mədəniyyətə, o cümlədən teatra olan qayğısına xüsusi toxunub: “Ulu öndər Heydər Əliyev daima teatrlara səfər edir, tamaşalara baxırdı. Hörmətli Prezidentimiz tərəfindən teatrın inkişafı ilə bağlı çox böyük bir dövlət proqramı təsdiq olunub. Biz gələn il proqramın icrasını bitirmək arzusundayıq. Sözsüz ki, indidən onun məntiqi davamı olaraq yeni proqramın hazırlanması üzərində işləməyi düşünürük. Ölkəmiz öz mədəniyyəti ilə bütün dünyada böyük rəğbət və hörmət qazanıb. Hal-hazırda ölkəmizin I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardığı siyasətin nəticəsində Azərbaycan mədəniyyəti ölkəmizin hüdudlarını aşaraq dünya miqyasında öz qətiyyətli sözünü deyir. Dünyanın aparıcı ölkələrində Azərbaycan mədəniyyəti tanınır, ona hörmətlə yanaşırlar” – deyə, Əbülfəs Qarayev bildirib.

previous arrow
next arrow
ArrowArrow

Bir cavab yazın