Akademik Milli Dram Teatrında kollektivin ümumi iclası keçirilib

Akademik Milli Dram Teatrında kollektivin ümumi iclası keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektivi yeni yaradıcılıq mövsümü münasibəti ilə təbrik edən Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov qeyd edib ki, yola salınan 145-ci teatr mövsümü əlamətdar hadisələrlə yadda qalıb. O, qeyd edib ki, ötən mövsümdə bir sıra yeni tamaşaların premyerası keçirilib, Azərbaycan mədəniyyətinin, o cümlədən teatrının inkişafında böyük xidmətləri olan görkəmli sənətkarların yubiley tədbirləri baş tutub. Eyni zamanda Akademik Milli Dram Teatrında Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Ədil İsgəndərovun adını daşıyan səhnələr teatrsevərlərin ixtiyarına verilib.

Azər Paşa Nemətov bildirib ki, kollektiv yeni mövsümdə böyüklər və uşaqlar üçün nəzərdə  tutulan bir neçə tamaşa təhvil verəcək: “Sentyabrın 15-də teatrımızda görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə yeni mövsümün açılış mərasimi keçiriləcək. Daha sonra bu ay ərzində Yuri Polyakovun “Sinif yoldaşları” və Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşaları teatr sevərlərin ixtiyarına veriləcək. Bundan başqa 146-cı teatr mövsümü ərzində uşaqlar üçün “Buratinonun macəraları”,  “Kreppin son lent yazısı”, “İuda” və başqa tamaşaların da premyeraları baş tutacaq”.

Daha sonra Azər Paşa Nemətov teatrda aparılan təmir-quruculuq işləri haqqında kollektivə ətraflı məlumat verib. O, əlavə edib ki, mövsüm ərzində Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının yaxından iştirakı və dəstəyi ilə mədəniyyətimizin, o cümlədən teatrımızın inkişafında əvəzsiz xidmətləri olan bir neçə sənətkarın yubiley tədbirləri də keçiriləcək.

Bir cavab yazın