İyunun 8-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçiriləcək.

Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunacaq.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal Sofa Bəsirzadə haqqında çıxış edəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.

Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul edilib. Bu teatrda 100-dən çox tamaşada çıxış edib.

1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. Sofa Bəsirzadə 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

Leave a Comment