Ulu Öndər Heydər Əliyev Teatr Xadimləri İttifaqında yad olunub

Ümummilli lider Heydər Əliyev Azərbaycanı öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanıdan şəxsiyyətdir. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Teatr Xadimləri İttifaqında Ulu Öndərin 95 illiyinə həsr edilmiş elmi-praktiki konfransda İttifaqın sədri, Xalq Artisti Azər Paşa Nemətov deyib.

“Heydər Əliyevlə bir dövrdə yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq. Azərbaycan mədəniyyəti və bu sahəyə qulluq edən insanlar Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmayıb. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Heydər Əliyev bütün yaradıcı insanların dəstəçisi idi. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meylli şəxsiyyət idi. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Bu böyük insan hər zaman xalqının xatirəsində əbədi olaraq yaşayacaq”, – deyə Xalq Artisti söyləyib.

Milli Məclisin deputatları Yaqub Mahmudov, Elmira Axundova və Şəmsəddin Hacıyev Ulu Öndərin dövlətçiliyimiz tarixindəki xidmətlərindən danışıblar. Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti haqında geniş məruzə ilə çıxış edən natiqlər bildiriblər ki, Ulu Öndər ölkəmizdə sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində böyük xidmətlər göstərib.

Qeyd edilib ki, 1990-cı illərdə erməni təcavüzünün qarşısının alınmasında, doğma Azərbaycanımızın beynəlxalq miqyasda tanınmasında Ulu Öndərin xidmətləri əvəzsizdir. Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim Ümummilli Liderin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində böyük uğurlar, nailiyyətlər qazanılır. Xalqımızın, millətimizin fədaisi olmuş ulu öndər Heydər Əliyev cismən bizim aramızda olmasa da, ruhən, mənən həmişə bizimlədir. Ulu Öndərin xatirəsi bizim üçün çox əziz və unudulmazdır. Bir sözlə, nə qədər müstəqil Azərbaycan xalqı, Azərbaycan dövləti var, ümummilli lider Heydər Əliyev də bizimlədir.

Sonra tarixçi – alim, akademik Yaqub Mahmudov Ulu Öndərlə bağlı yazdığı bir sıra kitabları Teatr Xadimləri İttifaqına hədiyyə edib.

Şərh yaz