Azər Paşa Nemətov: “Lütfiyar İmanov hər çıxışında dinləyiciləri heyran qoyurdu”

Fəxri Xiyabanda xalq artisti, görkəmli opera müğənnisi Lütfiyar İmanovun məzarı ziyarət olunub.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Xalq artisti Azər Paşa Nemətov Lütfiyar İmanov haqqında çıxış edərək fikirlərini bölüşüb. Azər Paşa Nemətov  Lütfiyar İmanovun səhnə fəaliyyətini yeni dövr kimi dəyərləndirib:

“Dahi Bülbüldən sonra Koroğlu operasını ifa etmək üçün demək olar, ifaçı tapılmırdı. Lütfiyar İmanov səhnəyə gəlişi ilə bizim səhnəni böyütdü, onun miqyasını genişləndirdi. Üzeyir Hacıbəyovun “Koroğlu” operasının Moskvada böyük hörmət qazanmasında Lütfiyar İmanovun da zəhməti az deyildi.

Lütfiyar İmanov gözəl opera müğənnisi olmaqla yanaşı, yaxşı müəllim idi. Bütün SSRİ məkanında konsertlərlə çıxış etmişdi, böyük rəğbət qazanmışdı. Həmin konsertlərdə Lütfiyar müəllimin özünəməxsus repertuarı olurdu. Orda Avropa musiqisi, Azərbaycan operası, rus klassikası özünə yer tuturdu. Xoşbəxtlikdən Moskvada həmin konsertlərin bir neçəsində mən də iştirak etmişəm. Onun maraqlı obrazlarından biri də “Otello” obrazı idi. Hər çıxışında dinləyiciləri heyran qoyurdu. Onu da deməliyəm ki, Lütfiyar İmanovun özünün məxsusi tamaşaçıları var idi. Lütfiyar İmanov gözəl rəsmlər də çəkirdi, maraqlı piano çalırdı. Özü də çox maraqlı insan idi. Bu gün bizə ancaq xatirələr qalır. İnsan cismən bu dünyanı tərk edir, amma onun yaradıcılığı əbədiləşir. Lütfiyar müəllimin səsi bütün Azərbaycan musiqisində yaşayır. Allah ona rəhmət etsin, Allah o dünyasını versin”

Bir cavab yazın