Sərhəd Xidməti “Mənim günahım” tamaşasına baxdı

Akademik Milli Dram Teatrının müxtəlif dövlət qurumları, ictimai təşkilatlar, o cümlədən hərbi hissələrlə yaxından əməkdaşlığı mövcuddur. Teatr müxtəlif tamaşalarla hərbi hissələrdə əsgərlər qarşısında çıxış edib, zabit və əsgər heyəti ilə söhbət edib, xidmətlərində onlara uğurlar arzu edib.

Novruz bayramı münasibət ilə də teatrın yaradıcı heyəti Sərhəd Xidmətinin sahil mühafizə xidmətinin əsgər və zabitləri ilə görüşmüşdü. Bu əməkdaşlığın davamı kimi xidmətin heyəti Akademik Milli Dram Teatrında ” Mənim günahım” tamaşasına baxıb.

Səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunub. 

İki hissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əlvida Cəfərov, Hicran Nəsirova, aktyorlar  Elnar Qarayev, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Günel İmanova ifa edirlər.

Şərh yaz