“Qətibə İnanc” tamaşası alqışlarla qarşılanıb

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz  Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

 

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

 

Səhnə əsərində xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc) və Sabir Məmmədov (Nizami), aktyorlar Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), əməkdar artistlər Məzahir Cəlilov (Qazı),Rövşən Kərimduxt (Hüsaməddin) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edirlər.

 

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

 

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.

 

Bir cavab yazın