Kazım Abdullayev: “Akademik Milli Dram Teatrının səhnəsi hər adamı qəbul eləmir”. 

 

Abdullayev Kazım

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Kazım Abdullayev APA-ya müsahibə verib. Onun müsahibədə səsləndirdiyi fikirlərdən bəzilərini təqdim edirik: “10 ildə “Azdrama”da 45 tamaşada oynamışam. Akademik Milli Dram Teatrının səhnəsi elə bir səhnədir, hər adamı qəbul eləmir. Neçə-neçə aktyor gəlib, heç nə edə bilməyiblər. Bəziləri var, burdan çıxırlar, qışqır-bağır salırlar. Sadəcə, gəlib gördülər, onlar girən kol deyil. Pişiyin ağzı ətə çatmayanda, deyir, iy verir. İndi o adamlarınkı da belədir. Qalıblar uzaqda, başlayırlar səhv axtarmağa. Amma “Azdrama” onlar üçün hər şeyi eləmişdi. Bu gün Azər Paşa müəllim Akademik Milli Dram Teatrında yaradıcı atmosfer yaradıb, qızğın məşqlər gedir. Azər Paşa Nemətov aktyorları çox sevir. Bu sevgi tamaşalarda da, həyatda da hiss olunur. Kollektivi bir yerə yığıb, hamı işləyir. O, çoxdan burdan olsaydı, yaxşı tamaşaların sayı da artıq olardı. Aktyorlar işləmək istəyirlər. Bu yaxınlarda Abbas Mirzə Şərifzadə adına kiçik səhnədə Əlif Cahangirlinin iki gözəl tamaşasının premyerası oldu. İnanıram ki, bundan sonra daha yaxşı olacaq. Bunları ona görə dedim ki, haqsız olaraq “Azdrama” haqqında artıq-əskik nələrsə danışılanda, mənə çox pis təsir edir, əsəbiləşirəm”.

Bir cavab yazın