Azərbaycanlıların soyqırımına həsr olunan “Xəcalət” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında 31 mart azərbaycanlıların soyqırımına həsr olunan “Xəcalət” tamaşası nümayiş olunub.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasının quruluşçu rejissoru Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

İki hissəli müasir dram olan “Xəcalət” tamaşasında rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edir.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Səhnə əsərinin sonunda tamaşaçılar qarşısında çıxış edən xalq artisti Nurəddin Mehdixanlı yüz il əvvəl ermənilərin xalqımızın başına gətirdiyi faciə haqqında danışıb, bədnam qonşulara qarşı mübarizə aparan igid oğullarımızın qəhrəmanlığından söz açıb.

Ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. 1918-ci il mart-aprel aylarında ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

Xəcalət

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

Bir cavab yazın