Bir rejissor… İki pyes… İki gün

Hər dəfə teatrdan qayıdanda içimdə qəribə, tərifəgəlməz hisslər baş qaldırır.

Tamaşa və onun məndə buraxdığı hisslərdən əlavə, teatrın özü haqqında düşüncələrə dalıram. Nədir teatr? Məndən soruşsanız, deyərəm ki, teatr həyatı insanın gözləri önündə əks etdirən güzgüdür. Kitabı açıb oxuyur, onu hansısa ədibin təxəyyülünün və ya güclü müşahidəsinin məhsulu adlandırırıq. Oradakı hadisələri görmür, hiss edirik. Film geniş şəkildə hansısa hadisələr yığınını montajlayıb konkret vaxt çərçivəsində nümayiş etdirir. Teatr isə gündəlik həyatımızda – evdə, yolda, işdə, qonaqlıqda, tədbirdə, görüşdə qarşılaşdığımız, müşahidə etdiyimiz hadisələrin məkanıdır. Sadəcə bu hadisələrin gündəlik həyatdan fərqi adına “tamaşa” deyilməsi və bir qrup insana toplu şəkildə nümayiş olunmasıdır.

Düşünürəm ki, yaxın keçmişdən fərqli olaraq, indi teatr sahəsində durğunluqdan şikayətlənmək naşükürlük olardı. Hər dəfə tamaşa sonrası bir daha bu sahədəki inkişafa əmin olur və sevinirəm. Zaman keçdikcə istər aktyorluq, istərsə də rejissorluq sənətinə bir-birindən istedadlı gənclər gəlməkdə, özləri ilə birgə yeni nəfəs, yeni ruh gətirməkdədilər. Bir az da mübaliğəyə yol versək, hazırkı teatrımızı gənclərin teatrı adlandıra bilərik.

Əlif Cahangirli də istedadı və bu sənətə sevgisi ilə seçilən, gələcəyi haqqında başda müəllimləri olmaqla, hər kəsdə böyük ümidlər doğuran gənc rejissordur. Onun Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyətə başlamasından çox da uzun zaman keçməyib. Amma o, istedadı, zəhməti, bacarığı ilə artıq bir neçə tamaşanın rejissoru, ya da ortaq rejissorudur. Mart ayını onun üçün məhsuldar ay hesab edə bilərik. Çünki martın 27-si və 29-da quruluşunu verdiyi iki tamaşanın premyerası keçirildi. Sevindirici haldır ki, mart ayında sözügedən teatrda ilk dəfə təqdim olunan üç səhnə əsərinin ikisinin rejissoru məhz Əlif Cahangirlidir.

“Olum, ölüm?!”

Martın 27-si Akademik Milli Dram Teatrı üçün başqa səbəbdən də əlamətdar idi. Həmin gün teatrda Abbas Mirzə Şərifzadə adına kiçik səhnə də istifadəyə verildi. Səhnənin ilk açılışı yazıçı Kamal Abdullanın “Bir, iki-bizimki!” pyesi əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası ilə baş tutdu.

Rejissor Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərinin bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Bu, sözügedən pyesin səhnə ilə ilk tanışlığı deyil. Əsər öncə Bakı Kamera teatrında səhnələşdirilib. Ötən il isə dəfələrlə Yuğ teatrında rejissor Gümrah Ömərin quruluşunda “Səsimi unutma” adı ilə nümayiş olunub. Kitabdan oxuduğum pyesə və Yuğ teatrındakı tamaşa haqqında yazılmış resenziyalara nəzər saldıqdan sonra Əlif Cahangirin əsərə daha fərqli və özünəməxsus yanaşdığını gördüm. O, özünün əlavə etdiyi simvollarla pyesi sanki müəlliflə birgə yenidən yazmışdı. Təbii ki, əsərin ruhunu saxlayaraq.

Tamaşa əvvəlcə qəribə dekorasiyası ilə diqqətimi cəlb etdi. Balaca zalda olduqca sadə və bəzək-düzəksiz səhnə qurulmuşdu: məkanda otaq ab-havası yaradan üz-üzə qapılar və sol tərəfdə qoyulmuş masa ilə stul… Ancaq bu otaq biz bildiyimiz, alışdığımız otaqlardan deyil, bu otaqda nəsə qeyri-adi aura var. Sanki çəkisizlik, məkansızlıq hökm sürür burda. Elə buna görə də otağın nə əvvəli var, nə sonu, nə sağı, nə solu. Bir tərəfdə baş verənlər o biri tərəfdə təkrarlanır.

Qırmızı köynəkli, ağ saçlı bir adam (Ayşad Məmmədov) otağın içərisində qəribə hərəkətlər edir: gah kitab oxuyur, gah ora-bura gedir, gah qapıları açıb harasa baxır, gah səs eşidirmiş kimi haranısa, kimisə dinləyir, gah da sakitcə bir tərəfdə oturub gözlərini yumur. İlk baxışdan adamın tənhalığından əziyyət çəkdiyini anlamaq heç də çətin deyil. Amma otaqda baş verən qəribə hallar tamaşaçını gərginlikdə saxlamağa davam edir. Axı hər şey bu qədər sadə ola bilməz. Səssiz, pantomim hərəkətlərlə davam edən əsərdə aktyor hər hərəkətilə daxilindəki təlatümü izləyiciyə ötürür, onu da baxışlarından tutub özünün müəmmalarla dolu taleyinə sürükləyir.

Gərginliklə keçən dəqiqələri daha da gərginləşdirən obrazın hərəkətlərindəki ikiləşmə, ya da hərəkətinin bir otağın içindəcə əksidir. Sanki otağın bir başından o biri başını əks etdirən güzgü asılıb. Nələr baş verdiyini təbii ki, sonra, hadisələr açılanda anlayacaqdıq, ancaq obrazın ruh halı onun yaşantısı haqqında müəyyən fikirlər oyadır. O, düşdüyü vəziyyətdən çıxış yolu axtarır, səssizcə pantomim hərəkətlərinə davam edərkən düşünürəm: bu adam gəncliyini qeyri-müəyyənliklər içərisində keçirmiş, öz həyatını qura bilməmiş, buna görə də əbədi təkliyə məhkum olmuş adamdır. Artıq yaş ötüb, saç ağarıb, tənhalıq ac quzğun kimi cisminə, ruhuna, beyninə daraşıb. Başqa bir tərəfdənsə gəncliyində etmədiklərinin peşmanlıqları didir varlığını. Elə bunları düşünə-düşünə hardansa şair Musa Yaqubun “Eləmədiklərim yandırar məni” misrasını xatırlayıram. Görünür, bu adamı da hansısa eləmədikləri yandırır və gəncliyin xofu, eyni zamanda həsədi yaxasını buraxmır.

Daha sonra olaylar bir-bir çözülməyə, sirr pərdəsi ortadan qalxmağa başlayır. Bu isə kişinin illər öncə dünyasını dəyişmiş qadınının (İlahə Həsənova) gəlişi ilə baş verir. Təbii ki, bu gəliş də cismən deyil, xəyaləndir. O ölüb, amma kişi sağdır. Deməli, o, kişinin yaddaşında, xatirələrində hələ də yaşayır. Tamaşa da məhz bunun üzərində qurulub: bu iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları. Onların dialoqu az öncə düşündüklərimi müəyyən mənada təsdiqləyir, həmçinin, kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir. Onların dünyaları ayrı idi.

Getdikcə qəhrəman iki dünya arasında qalır, yəni olum və ölüm arasında… Zamanında sevgisinə layiqincə sahib çıxmağa, bir kişi kimi qadınının arxasında dayanmağa gücü çatmayan qəhrəman indi daha böyük sınaq qarşısındadır. Və onu bu sınağa öncə özü, sonra isə vəfat etmiş həyat yoldaşı düçar edir. Qadın hələ də öz sevgisindən, istəyindən vaz keçməyib. Vaxtında onu eşitməyən, ona qarşı etinasızlıq göstərən, özünün də dediyi kimi, mənasını bilmədiyi səbəblər üzündən ondan acıq çıxan sevgilisindən qopa bilmir. İçində hələ də bir ümid var, bəlkə heç omasa indi, məhz indi onu apara bilər. Əslində seçdiyi zaman da buna uyğundur. Çünki indi kişi çəkisizlik, qərarsızlıq içərisində çabalamaqdadır. Onu bu dünyaya bağlayan hər şeyin həqiqətdə heç nə olduğunu anlayıb. Yəni getməyin bir addımlığında dayanıb. Bircə təkan, lap kövrək, zəif bir təkan onu burdan alıb götürəcək. Qadın da o təkanı axtarır, gah şirin dillə onu ələ almağa çalışır, gah hirslə bütün həqiqətləri üzünə çırpıb vicdanını tərpədir, gah da yaşadığı (yaşamadığı!) dünyayla əlaqəsinin itdiyinə inandırmağa cəhd edir.

Bayaqdan otaq kimi gördüyümüz məkan da artıq öz mahiyyətini itirməyə başlayır. Bura da iki dünya arasındakı sahibsiz məkana bənzəyir. Nə yer kürəsidir, nə də cənnət və ya cəhənnəm…

Yazıçının bu pyeslə ifadə etməyə çalışdığı məqsədlərin çoxusu elə bu iki obraz arasındakı dialoqda ortaya çıxır. Qadın kişini qorxaqlıqda ittiham edir. Və qəribədir ki, özü bu ittihamına haqq da qazandırır: axı, bu dünyada kim nədən qorxmur ki? Etdiyimiz bütün hərəkətlər qorxunun nəticəsi deyilmi? Təsdiq edirik, qorxudan boyun əymiş oluruq, inkar edirik, həqiqəti öyrənməkdən qorxuruq…

Kamal Abdulla məsələləri elə qurur ki, hər şey sanki böyük, eyni zamanda bir məkana sığacaq qədər kiçik bir oyundur. “Bir, iki-bizimki!”…

Əsərdə onlardan başqa daha üç nəfər də var: kişiylə qadının uşaqlığı (Xədicə Novruzlu və Canəli Canəliyev) və kişinin gəncliyi (Ziya Ağa). Qadınsa elə gənckən vəfat edib. Əsərin ən qayğısız və səs-küylü məqamları da məhz bu uşaqlardı. Onlar hər şeydən xəbərsiz dünyalarında bir qapıdan girib o biri qapıdan çıxır, bir-biriylə oynayırlar: “Üç, dörd-qapını ört!”

Əsərin bir yerində artıq kişi qadınla deyil, özüylə, özünün gəncliyi ilə üzləşir. Ayşad Məmmədovla Ziya Ağanın dəqiq ifaları, plastik hərəkətləri və canlı dialoqu bu səhnəni daha yaddaqalan edir. Artıq yaşı ötmüş kişi cavanlıqda etdiklərinə (etmədiklərinə!) görə gəncliyini, gənc isə getdikcə sönən həyat eşqinə görə qocalığını günahlandırır. Vəziyyətdən çıxış yolu isə bircə dənədir: qadının səsinə getmək. Bunu ona gəncliyi də tövsiyə edir. Amma bunun üçün əsas şərt kişinin buna hazır olması, qərarında qəti olmasıdır.

O isə tərəddüd edir, qorxur, çəkinir və nəhayət, təslim olur. Qəribədir, onu o biri dünyaya bayaqdan dilə tutan, razı salmağa çalışan, səsləyən qadın deyil, məhz gəncliyi aparır. Bu isə onu göstərir ki, insanın üzərindəki ən böyük təsir elə insanın özünə aiddir. Müəllifin dəqiq təsviri, rejissorun canlı quruluşu ilə kişinin bir dünyadan başqa bir dünyaya keçidi çox təsirli əks olunur. Nəhayət, qəhrəman bütün həyatını, uşaqlığını, xatirələrini, sevgisini, gəncliyini, sevinclərini, peşmanlıqlarını arxasında qoyub bir qapıdan çıxır. Qadın və onların keçmişi isə qapının bu üzündə qalır. Çünki ölüm ilk başda insanın yaddaşını əlindən alır.

Qəribə əhvalat…

Bu tamaşadan iki gün sonra isə Əlif Cahangirli tamamilə fərqli ampulada teatrsevərlərin qarşısına çıxdı. Onun quruluş verdiyi ikinci əsər xorvat ədib Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşasıdır. Tamaşanın quruluşçu rəssamı Xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur.

1962-ci il təvəllüdlü Miro Havran məşhur xorvat yazıçı-dramaturqudur. Yazıçının əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlif ölkələrin teatrlarında, o cümlədən, ABŞ, Rusiya və Braziliyada səhnəyə qoyulub. 2003-cü ildə Slovakiyada Miro Havranın adına beynəlxalq dram əsərləri festivalı – “Havranfest” keçirilib.

Gənc rejissorun Kamal Abdulla və Miro Havran kimi böyük və dünyaca məşhur yazıçıların əsərlərinə müraciət etməsinin onun üçün daha böyük məsuliyyət olduğunu anlamaq heç də çətin deyil. Amma o, özünün fərqli və yaradıcı baxışı ilə pyeslərə əlavə ruh qatmağı bacarıb.

“Qəribə, çox qəribə əhvalat” pyesi ifadəsində sadə, yaşantısında isə mürəkkəb və adı kimi həqiqətən də çox qəribə bir əhvalat üzərində qurulub. Qatar bələdçisi işləyən Draqitsa adlı qadın hiyləgərliyini işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi, üstəlik, bu sirri illərlə onlardan gizli saxlamağı bacarıb. Ərlərdən biri səliqə-səhmanlı, ev işlərini gözəl yerinə yetirən, o biri isə dadlı yemək bişirməyi bacarandır. Qadının isə bu işlərlə heç arası yoxdur. Çünki o, işləyir və ərlərindən üç dəfə artıq maaş alır. Yəni pulla o, ərlərini susdurmağı bacarır.

Ancaq günlərin bir günü təsadüf nəticəsində bütün sirrin üstü açılır. İkinci ərin qapısı döyülür, gələn isə birinci ərdir. Söhbətdən məlum olur ki, onlar heç də iki nəfər deyillər, əslində, qadının onlardan qabaq da bir əri olub və hətta ondan Matilda adlı bir qızı da var. Həmin ər vəfat edəndən sonra isə (onun əslində sağ olduğu sonda bilinir) bir il arayla bu iki kişiyə ərə gedir.

Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov, aktyor Ramin Şıxəliyevin məharətli çıxışları ilə hadisə daha da qəribə və komik ab-hava qazanır. İki gün əvvəl nümayiş olunan “Bir, iki-bizimki!” tamaşası nə qədər ağır, psixoloji dram idisə, “Qəribə, çox qəribə əhvalat!” o qədər komik və əyləncəlidir.

İlk baxışda qadını bu hiyləgərliyinə görə qınayıb, kişilərə düşdükləri vəziyyətə görə acıyırsan. Ancaq ərlərin bu hadisədən xilas olmaq üçün irəli sürdükləri təkliflər, ikisinin də qadına olan bağlılıqları onları axmaq vəziyyətə salır. İstər-istəməz tamaşaçı qadının hiyləsinə əsəbləşmək yerinə, bu cür kişilərin başına gətirilənlərə gülür, onlarla əylənir. Aldadılan kişilər çıxıb getmək, qürurlarını xilas etmək əvəzinə, anlaşmağa, hətta anlaşa bilmədikləri yerdə bütün olanları qəbul edib hər şeyi olduğu kimi saxlamağa belə razıdırlar. Bu düşüncədə olan kişiləri qadının uzun illər necə aldatdığını təxmin etmək heç də çətin məsələ deyil yəqin ki.

Zəngin səhnə dekorasiyası, işıq effektləri, musiqi seçimləri və aktyorların dinamik, inandırıcı ifaları sayəsində bir saatlıq əsər sanki su kimi axıb gedir. Özlərinin dili ilə desək, “həmkarlar” bir qadını paylaşa bilməyəndə dostlaşmaq mövqeyini tuturlar. Düzünə qalsa, onların “hər şey necə vardı, elə də qalsın, guya biz heç nə bilmirik” təklifləri qadını paylaşmaq deyilmi?

Pyes ən mürəkkəb halını sonda – qadının birinci əri Nikolanın gəlişi ilə alır. Bütün bədəni gips içərisində olan Nikola da Draqitsanın hiyləsinə aldanan kişilərdəndir. Məlum olur ki, qadın bu üç kişini eyni yolla, eyni situasiyada ram etməyi bacarıb.

Müxtəlif mövzulu bu iki pyesi birləşdirən əsas obraz məhz qadındır. Birinci pyesdə qadın ölü və ya xəyal olsa da, hər halda var və aktiv şəkildə hadisələrə müdaxilə edir, ona yön verməyə çalışır. İkinci pyesdə isə o, heç yoxdur, görünmür, tamaşaçı qadını sadəcə divardan asılmış portretindən tanıyır, amma o, yenə də hadisələrin mərkəzində yer alır. Əbəs yerə deməyiblər ki, “Qadın böyük qüvvədir!”

 

Şahanə MÜŞFİQ

Şərh yaz