Ürəklə “bizimki” deyə biləcəyimiz tamaşa

Elə pyeslər var ki, onların səhnələşdirilməsi ya qeyri-mümkündür, ya da çox rahatdır. Düzünə qalsa, heç bir pyesin səhnə təcəssümünü tapmaq o qədər də asan deyil, sadəcə, bəzən belə görünür. Amma dərinə gedəndə…
Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümün növbəti premyerasını təqdim etdi. Yazıçı-dramaturq Kamal Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanan tamaşa teatrda yeni yaradılmış Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olundu.
Kamal Abdulla bu pyesi çoxdan yazıb. Əslində o, artıq neçə illərdir ki, daha pyes yazmır. Nədən? Bilmirik. Bəlkə də rejissorların onun pyeslərini müəllifin görə biləcəyindən fərqli göstərməsi ürəyincə deyil? Bunu da bilmirik (imkan olarsa, soruşarıq). “Bir, iki, bizimki” illər öncə artıq mövcud olmayan Bakı Kamera Teatrında tamaşaya qoyulub. Ötən teatr mövsümündə isə Yuğ Dövlət Teatrı əsəri “Səsimi unutma” adı ilə səhnələşdirib. Hətta Mədəniyyət və İncəsənət Universitetinin rejissor ixtisası üzrə ötənilki buraxılışından da bir məzun diplom işi olaraq bu pyesə müraciət etmişdi.
Müəllif öz əsərini “bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı” kimi səciyyələndirir. Quruluşçu rejissor Əlif Cahangirli həmin duyumlar dramını daha da açmaq istəyir. Özü də təkcə bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramının başqa bir qatını açmağa nail olur: iki qapı arasında qalıb hardan hara keçəcəyini, həmin qapılar arasında ÖZÜNÜ tapmaq istəyən Kişinin faciəsini! Elə buna görə də Kişini (Əməkdar artist Ayşad Məmmədov) gah öz gəncliyi – O (Ziya Ağayev), gah da uşaqlığı – Oğlan (Canəli Canəliyev) ilə qarşılaşdırır. Bəs elə isə niyə Qadın (İlahə Həsənova) yalnız yeniyetməliyi – Qız (Xədicə Novruzlu) ilə Kişinin qarşısında görünür? Ona görə ki, onlar ayrılanda Qadın gənc idi? Bəlkə də nə qədər qətiyyətsiz olsa belə, bağçaya gedən vaxtlardan tanıdığı Qadın Kişinin gözündə hələ də gənc bir qızdır? Bu suala hər tamaşaçının öz cavabı olar yəqin ki…

Tamaşa birnəfəsə oynanılır. Aktyorlar meydan teatrı ənənəsinə uyğun olaraq improvizə səhnənin hər iki tərəfində əyləşmiş tamaşaçılar üçün sözün həm ifa mənasında, həm də fiziki mənasında hərtərəfli oyun sərgilədilər. Ayşad Məmmədovun bir aktyor olaraq potensialı, oynadığı rollar diqqətli tamaşaçıya bəllidir, gənc aktyorlar – İlahə Həsənova və Ziya Ağayevin də roldan-rola sənətkarlığa doğru inkişafı göz qabağındadır. Özünün ən yaxşı rollarını elə bu teatrda oynamağa başlamış aktrisa Xədicə Novruzlu və teatrda böyüyən balaca aktyor Canəli Canəliyev də obrazı yaşayaraq yaratmaq baxımından təcrübəli oyundaşlarından geri qalmadılar.
Tamaşanın rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlunun qırmızı və yetişmiş zeytun rəngini xatırladan bozumtul-yaşıl, bir də boz rəng (yeri gəlmişkən, zeytun da dəfnə kimi əbədilik rəmzidir) arasında həll etdiyi tərtibat “Bir, iki, bizimki”nin ruhunu tamamlayır.
Tamaşanın musiqi tərtibatı da maraqlıdır. Rejissor Ə.Cahangirli bu işi başqasına həvalə etmədən öz öhdəsinə götürərək göstəri ilə dediklərini eşidilişlə tamamlamağa nail olub. Xüsusən də finalda səslənən “Mənim mehriban və zərif vəhşim” filminə Yevgeni Doqanın bəstələdiyi məşhur valsı müəllifin pyesdə demək istədiyi “həyat ölümün içindədir” düşüncəsinin musiqili açması kimi səsləndi. Vals musiqisi səslənirsə, deməli, onu ifa edən də var. Amma biz tamaşanın tam məzmununu açmaq fikrində deyilik. Sadəcə, onu deyəcəyik ki, tamaşada məşğul olan aktyorlar nəinki rəqsdə, bütün tamaşa boyu mükəmməl plastika nümayiş etdirdilər, rəqsin xoreoqrafı isə Ceyhun Dadaşovdur.
Hər kəsin əməyini qeyd edib tamaşanın bədii rəhbərinin adının üstündən sükutla keçmək ən azından günah olardı. Əlif Cahangirliyə əsl ustad kimi yol göstərən, səhnə həvalə edən tamaşanın bədii rəhbəri Xalq artisti, professor Azərpaşa Nemətovdur.

Premyera oynanıldı. Özü də oynanıldığı səhnənin daşıdığı ismin – korifey Abbas Mirzənin adına layiq! Biz isə “Bir, iki, bizimki” tamaşasını daha geniş coğrafiyada, çeşidli festival səhnələrində görməyi arzulayırıq. Çünki hazırkı dünya teatr səhnəsində yer alan performanslar cərgəsində Milli Dram Teatrının bu tamaşasını görəndə, qazandığı tamaşaçı alqışını eşidib ciddi tənqidçi fikrini oxuyanda ürəklə deyə biləcəyik: Bu tamaşa bizimkidir!

Gülcahan Mirməmməd 
   
 P.S. Tamaşa bitəndən sonra pyesinin uğurlu səhnə taleyinin seyrindən məmnun müəllifin sevincini görəndə olsun ki, çoxunun ürəyindən bir istək keçdi: “Görəsən, Kamal Abdulla yenə pyes yazacaqmı?”. 

Şərh yaz