Milli teatrın yaranmasının 145 illiyi münasibətilə martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tədbir keçirilib.

Teatrın direktoru, Xalq Artisti Azər Paşa Nemətov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salan sənət ocağının rəhbəri söyləyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.

Bildirib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur. Azərbaycan mədəniyyəti, o cümlədən teatrı daim dövlət qayğısı ilə əhatə olunur. Dövlətimizin başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilib.

“Teatr sənətinin təbliği və inkişafı istiqamətində bu sənətdə sözünü demiş çoxsaylı sənətkarlarımız olub. Bu ənənə bu gün də davam etdirilir. Bu yöndə zəhməti olan sənətkarlar, təbii ki, dövlətimizin ən ali qayğısı ilə əhatələnib, müxtəlif mükafatlar və fəxri adlara layiq görülüblər. Bu diqqət və qayğı biz sənətkarları olduqca həvəsləndirir, daha da uğurlu işlərə imza atmağa sövq edir. Milli Teatr Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıram”, – deyə A.P.Nemətov vurğulayıb.

Tədbir çərçivəsində sənət ocağının bir sıra əməkdaşlarına diplom və mükafatlar təqdim olunub.

Sonra Milli Teatr Günü münasibətilə “Şah Qacar” tamaşasının premyerası olub.Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.
İki hissəli səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev (Kərim xan Zənd), əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), əməkdar artistlər Kazım Abdullayev (Əli xan Cocuq), Elşən Rüstəmov (Əli xan Şambatayi), Ayşad Məmmədov (Axund Hacı Babək), aktyorlar Samirə Xanlarova (balaca qız), Canəli Canəliyev (Balaca Qacar), Fəridə Şahbazova və Xədicə Novruzlu (Yeniyetmə qız) və İmran Əli Qurban (Yeniyetmə Qacar) çıxış edirlər.
Tamaşanı Ceyran Həsənli idarə edib.

Şərh yaz