Akademik Milli Dram Teatrının rejissoru “Gənclər mükafatı”na layiq görülüb 

Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli teatr sahəsindəki uğurlu fəaliyyətinə görə “Gənclər mükafatı”na layiq görülüb. Fevralın 2-də “Buta Palace”da Gənclər günü münasibətilə keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət, hökumət nümayəndələri iştirak edib.

Tədbirdə Gənclər və İdman Nazirliyi təhsil, elm və mədəniyyət sahələrində fəallığı ilə seçilən gəncləri, o cümlədən Əlif Cahangirlini mükafatlandırıb.

Qeyd edək ki, Əlif Cahangirli 1992-ci ildə Salyanda anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti, professor Azər Paşa Nemətovun kursunda rejissor sənətinə yiyələnib.

Bir neçə dəfə Moskvada Çexov festivalı ərəfəsində Rusiyanın tanınmış rejissorlarından ustad dərsləri alıb. Əlif Cahangirli 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb. O, bu teatrda Xalq artisti Azər Paşa Nemətovun rəhbərliyi altında rejissor Anar Babalı ilə birlikdə Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Almaz” tamaşalarını, daha sonra müstəqil şəkildə uşaqlar üçün “Buzlar ölkəsi” və Coni Rodarinin məşhur “Çipollino” nağılını tamaşaya hazırlayıb.

Ə. Cahangirli hazırda Akademik Teatrında yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə yazıçı-dramaturq Kamal Abdullanın “Bir,iki, bizimki…” və Miro Hovranın “Arvadımın əri” pyeslərini tamaşaya hazırlayır.

Bir cavab yazın