Alimlər “Cəhənnəm sakinləri”nə baxdılar

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə təqdim olunub.

Bu dəfə tamaşanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları izləyiblər.

Tamaşanın nümayişindən əvvəl AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli çıxış edərək Xalq Yazıçısı Elçinin yaradıcılığından söz açıb. O vurğulayıb ki, Elçinin yaradıcılığı Azərbaycanın müstəqil dramaturgiyasında yeganə hadisədir. Yazıçının Azərbaycanda absurd teatrın yaradıcısı olduğuna diqqət çəkən natiq onu görkəmli ədiblərimizlə müqayisə edib. Qeyd edilib ki, bu gün formalaşmış Elçin teatrının öz aktyorları, rejissorları və tamaşaçıları var. Xalq yaradıcılığından bəhrələnən Elçin Azərbaycan teatrına yeni nəfəs və mühit gətirib. Bununla da o, bu arenada özünü sübut edə bilib: “Az sonra baxacağımız tamaşa da Elçin təfəkkürünün məhsuludur. Psixoloji-mənəvi, maarifləndirici anlam kəsb edən bu səhnə əsərinin nümayişi hər birimiz tərəfindən maraqla qarşılanacaq, xoş təəssürat yaradacaq”.

İ. Həbibbəyli tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Azər Paşa Nemətovun rejissor kimi böyüklüyündən, onun sənətkarlıq keyfiyyətlərindən danışıb: “Azər Paşa Nemətov tamaşalarına hər zaman ayaq üstə baxır. Onun üçün sənət ilahi məsələdir. Onun bütün varlığı, fəaliyyəti teatr və onun inkişafı ilə bağlıdır. Azər Paşa Nemətov öz sözünü Azərbaycan teatrında deyib, öz möhürünü vurub”.

Filologiya elmləri doktoru professor Qəzənfər Paşayev və digərləri çıxış edərək yazıçının zəngin yaradıcılığından söz açıb, səhnə əsəri ilə bağlı fikirlərini bildiriblər.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı onu daha da baxımlı edib.

Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Yeni səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Şərh yaz