Ağasadıq Gəraybəylinin 120 illiyi qeyd olunub

Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli teatr və kino
xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr
olunan yubiley tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət
xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir
“Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” əsasında təşkil
olunub.

Gecədə Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Ağasadıq
Gəraybəylinin həyat və yaradıcılığını əhatə edən sərgi, sənətkarın rol
aldığı filmlərdən kadrlar nümayiş olunub.

Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan
teatrının və kinosunun inkişafındakı xidmətlərinə diqqət çəkib.

Nazir müavini qeyd edib ki, Ağasadıq Gəraybəyli ömrünün sonuna qədər
sənət sevgisini, teatr təəssübkeşliyini qoruyub saxlayıb: “Ağasadıq
Gəraybəyli o nadir sənətkarlardan biridir ki, 1940-cı ildə əməkdar
artist adını almadan birbaşa xalq artisti fəxri adına layiq görülüb.
1930-50-ci illərdə böyük sənətkarımız görkəmli dramaturqların
əsərlərində çox dəyərli obrazlar yaradıb, bizim milli kinomuzun
formalaşmağında vacib töhfəsini verib. Ağasadıq Gəraybəyli sənətkar
kimi özünə qarşı böyük tələbkar, ətrafdakılara münasibətdə hər zaman
örnək idi. O, konfliktlərdən uzaq, sözünün yerini bilən, hər zaman
ağsaqqallıq missiyasını axıra qədər ləyaqətlə daşımağı bacaran insan
idi”.

A. Gəraybəylinin nəvəsi, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli
tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, sənətkarın 120 illik
yubileyi çərçivəsində bir çox tədbirlərin keçirildiyini diqqətə
çatdırıb.

Mərasimdə eyni zamanda Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini
özündə əks etdirən səhnəcik, “Müfəttiş” tamaşasından parça və musiqi
nömrələri təqdim olunub.

Yubiley tədbirinin rejissoru və ssenari müəllifi əməkdar artist
Firudin Məhərrəmov, rəssamı əməkdar mədəniyyət işçisi İlham
Elxanoğludur.

Qeyd edək ki, Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub.
Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən,
Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində
“Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1933-cü
ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram
Teatrında çalışıb. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Fotolar Sevinc Aslanovanındır.

Şərh yaz