Məhluqə Sadıqovanın 100 illik yubiley tədbiri keçiriləcək

 

Oktyabrın 17-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovanın 100 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley tədbiri ölkə başçısının imzaladığı müvafiq sərəncam əsasında təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq xatirə mərasimində Teatr Muzeyinin hazırladığı sərgi nümayiş olunacaq, Məhluqə Sadıqovanın həyat və yaradıcılığına həsr olunan videoçarx göstəriləcək. Tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov Məhluqə Sadıqovanın həyat və yaradıcılığından danışacaq, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edəcəklər.

Tədbir başa çatandan sonra Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan “Almaz” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, Məhluqə Sadıqova üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. 1930-cu ildə ailəsi Bakıya köçüb. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

Qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona (“Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş” və “1905-ci ildə”, Cəfər Cabbarlı), Süd (“Göy quş”, Moris Meterlink), Qiasinta (“Skapenin kələkləri”, Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban (“Vaqif”, “Fərhad və Şirin” və “Xanlar”, Səməd Vurğun), Qalçixa və Anuşka (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Zəhra (“Şeyx Sənan”, Hüseyn Cavid), Paulina (“Qış nağılı”, Vilyam Şekspir), Sofiya (“Vanya dayı”, Anton Çexov), Missis Daycen (“Şeytanın şagirdi”, Bernard Şou), Nata xanım (“Nazirin xanımı”, Branislav Nuşiç), Pəri xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Dolores (“Qadın faciəsi”, Federiko Qarsiya Lorka), Güllü xala (“Yalan”, Sabit Rəhman), Zabitə (“Atayevlər ailəsi”, İlyas Əfəndiyev), Ana (“Şöhrət və ya unudulan adam”, Nazim Hikmət), Sofiya (“Daş qartal”, Pavel Malyarevski), Klavdiya Vasilyevna (“Şadlıq sorağında”, Viktor Rozov) rollarını ifa edib.

Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2003-cü ildə 86 yaşında Bakıda vəfat edib

Şərh yaz