Azər Paşa Nemətovun münasibəti 

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov xalq artistləri Ramiz Məlik və Məleykə Əsədova arasında baş verənlərə münasibət bildirib.

O, qeyd edib ki, xalq artistləri arasında baş verənləri təəssüf hissi ilə qarşılayıb: “Məleykə Əsədova və Ramiz Məlik arasında baş verənlər xoşagəlməz haldır. Mən bu haqda tənqidi fikirlərimi və mövqeyimi də Ramiz Məlikə bildirmişəm. Onlar hər ikisi bizim gözəl sənətkarlarımızdır, indiyə qədər Akademik Milli Dram Teatrında yaddaqalan, sevilən rollar yaradıblar. Baş verənlər sadəcə, anlaşılmazlıqdır, bir-birini başa düşməyiblər. Ramiz Məlik Məleykə Əsədovadan üzr istəyib və bildirib ki, bu söhbətə son qoyulmasını istəyir. İnanıram ki, Məleykə Əsədova da onu anlayışla qarşılayacaq, üzrünü qəbul edəcək. Bizim teatr bir ailədir, ona görə də bu ailədə baş verənlərin kənara çıxmasını arzu etmirəm. Çünki hər ikisi bacarlıqlı sənətkar kimi insanların rəğbətini, sevgisini qazanıblar. Fəxri ad alan, seçilən insanlar davranışı ilə nümunə olmalıdırlar. Məleykə xanımı mənə doğma və əziz adamdır. Ümumiyyətlə, mən aktyorları çox sevirəm. Çünki onlar ən çətin peşəyə sahibdirlər, fədakar işlə məşğuldurlar. Bu mənada rəhbəri olduğum teatrın hər bir üzvü mənə əzizdir. Ramiz Məliki məktəb illərindən, Məleykə Əsədovanı isə Gənclər Teatrından tanıyıram. Məleykə xanım bu illər ərzində öz peşəsinə ləyaqətlə xidmət edib. Biz onunla yeni “Cəhənnəm sakinləri” tamaşasının premyerasına hazırlaşırıq. O, rolunun öhdəsindən peşəkarlıqla, bacarıqla gəlib və inanıram ki, tamaşaçıları onu növbəti uğuru münasibəti ilə təbrik edəcək, sevinəcəklər. Hər ikisinə can sağlığı, yaradıcılıq uğurları arzu edirəm. İnanıram ki, gələcəkdə bu cür xoşagəlməz hallar olmayacaq, onlar öz rolları ilə pərəstişkarlarını sevindirəcəklər. Bizim gələcəkdə böyük tamaşalarımız, böyük uğurlarımız olacaq. Mən onların hər ikisinin kollektivimizin yanında olmasını arzu edirəm”.

Şərh yaz