Əbülfəs Qarayev mədəniyyət və turizm ictimaiyyətini Ramazan bayramı münasibətilə təbrik edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm ictimaiyyətini müsəlman dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur ki, müsəlman aləminin bir üzvü olan Azərbaycanda tarixən  islam dəyərlərinə möhkəm bağlılıq olmuşdur. Tarixin müxtəlif mərhələlərində çətin sınaqlar qarşısında qalan xalqımız öz adət-ənənələrini, o cümlədən islam  dininin dəyərlərini qoruyub yaşatmış, bu mədəniyyətin zənginləşməsinə öz töhfələrini vermişdir.

“Bu gün Azərbaycanın paytaxtında və bölgələrdə dini abidələr dövlət tərəfindən qorunur, bərpa və yenidənqurma işləri aparılır. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdən hesab olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılmışdır. Tarixi-dini məkanlar ölkəmizə gələn turistləri özünə cəlb edir. Hər il bu ünvanları on minlərlərlə yerli sakin və əcnəbi qonaqlar ziyarət edir”, – deyə təbrikdə bildirilir.

Vurğulanır ki, dövlət başçısının sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmuşdur. May ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilmişdir. Bütün bunlar Azərbaycan dövlətinin islam dininə olan mütərəqqi münasibətinin, müsəlman ölkələri arasında birliyin, əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi önəmin ifadəsidir.

Nazirin təbrikində daha sonra deyilir ki, Ramazan ayı insanların sağlamlığına vəsilə olmaqla yanaşı, əxlaqın saflaşması baxımından da böyük əhəmiyyət daşıyır. İnsanın müəyyən müddətdə nəfsinə hakim olması onun mənəvi-ruhani vəziyyətinə ciddi təsir göstərir, sosial məsuliyyətini artırmağa xidmət edir.

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, uzun ömür, ailə səadəti və ölkəmizin inkişafı yolunda yeni-yeni uğurlar arzulayıb

Şərh yaz