“İnsan səsi” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunub.

Fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu monopyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur. Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur.

Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır.

Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir. Şəhla Əliqızının yozumunda canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks olunub.

Şərh yaz