“Almaz” Cəfər Cabbarlı mükafatına layiq görülüb

      Akademik Milli Dram Teatrında Cəfər Cabbarlı mükafatının təqdimetmə mərasimi keçirilib.

      Tamaşanın nümayişindən sonra Cəfər Cabbarlı muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat haqqında məlumat verib. O, qeyd edib ki,  sözügedən təltif ilk dəfə C.Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi” tərəfindən 2001-ci ildə təsis olunub: “Bu il üçün nəzərdə tutulan mükafatlandırma mərasimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın zəngin mədəniyyətinin təbliği və cəmiyyətin müxtəlif sosial təbəqələrinin geniş mədəni tədbirlərə cəlb olunması” adlı layihəsi çərçivəsində həyata keçirilir.  “Layihənin əsas məqsədi mədəniyyətin daha da inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycanın tanınmış klassik və müasir ədəbiyyat xadimlərinin bədii irsinin öyrənilməsi, təbliği və sairdir”.

      Tədbirdə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu “Almaz” tamaşası ilin ən yaxşı səhnə əsəri kimi Cəfər Cabbarlı mükafatına layiq görülüb.

      O cümlədən, tamaşada rol alan xalq artistləri Nurəddin Mehdixanlı və Firəngiz Mütəllimova, əməkdar artistlər Kazım Abdullayev, Ayşad Məmmədov, Məsmə Aslanqızı, teatrın bədii quruluş hissə müdiri İlham Elxanoğlu və tamaşanın yeni redaksiyasının müəllifi, əməkdar incəsənət xadimi Əli Əmirli mükafata layiq görülüb.

      Akademik Milli Dram Teatrının işıq üzrə rəssamı Rafael Həsənov, səhnə quraşdırma sex rəisi Elçin Vəliyev və səs rejissoru Şahanə Səlimova isə Cəfər Cabbarlının adını daşıyan diplomla təltif olunublar.

Şərh yaz