Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçirilib.

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Xatirə gecəsində xalq artisti Ramiz Məlik Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışıb, onun yaratdığı obrazlar qalereyasına nəzər salıb.

R. Məlik Məhluqə Sadıqovanı Azərbaycan teatrının inkişafında xidmətləri olan sənətkar, gənclərə hər zaman diqqət və qayğı göstərən insan kimi dəyərləndirib.

Mərasim Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan “Nazirin xanımı” tamaşası ilə davam etdirilib. 1970-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində Branislav Nuşiçin müəllifi olduğu pyes əsasında görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi “Nazirin xanımı” tamaşasında xalq artisti Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb.

Qeyd edək ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. O, Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona (“Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş” və “1905-ci ildə”, Cəfər Cabbarlı), Süd (“Göy quş”, Moris Meterlink), Qiasinta (“Skapenin kələkləri”, Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban (“Vaqif”, “Fərhad və Şirin” və “Xanlar”, Səməd Vurğun), Qalçixa və Anuşka (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Zəhra (“Şeyx Sənan”, Hüseyn Cavid), Paulina (“Qış nağılı”, Vilyam Şekspir), Sofiya (“Vanya dayı”, Anton Çexov), Missis Daycen (“Şeytanın şagirdi”, Bernard Şou), Nata xanım (“Nazirin xanımı”, Branislav Nuşiç), Pəri xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Dolores (“Qadın faciəsi”, Federiko Qarsiya Lorka), Güllü xala (“Yalan”, Sabit Rəhman), Zabitə (“Atayevlər ailəsi”, İlyas Əfəndiyev), Ana (“Şöhrət və ya unudulan adam”, Nazim Hikmət), Sofiya (“Daş qartal”, Pavel Malyarevski), Klavdiya Vasilyevna (“Şadlıq sorağında”, Viktor Rozov) rollarını ifa edib.

Qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.

Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSRİ-nin əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSRİ-nin xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Şərh yaz