Azərbaycanlılara qarşı soyqırımı törədilməsinə həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunub

333Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl çıxış edən xalq artisti Ramiz Məlik qeyd edib ki, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 99 il ötür.

Xalq artisti bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda erməni vandalları tərəfindən başlanan kütləvi qırğınlarda 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaq qətlə yetirilib.

Ramiz Məlik soyqırımın Akademik Milli Dram Teatrında hər il qeyd edildiyini vurğulayıb və əlavə edib ki, teatrın kollektivi xalqımızın faciəvi günlərində tariximizə, başımıza gətirilən bəlalara həsr olunan səhnə əsərləri ilə tamaşaçılar qarşısında mütəmadi çıxış edir, tarixi hadisələrin gənc nəsil arasında təbliği üçün bütün gücü ilə çalışır.

Daha sonra tamaşa təqdim olunub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Şərh yaz