Aprel döyüşləri dövlətimizin gücünü göstərdi

hqdefault“Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib”.

 

Bunu Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq Artisti Azər Paşa Nemətov deyib.

 

Onun sözlərinə görə, ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini hər zaman layiqincə qoruyub, düşmənə lazımi cavab verib: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir. Aprel döyüşlərində ordumuz tariximizin yeni mübarizə səhifələrini yazdı. Qəhrəman əsgərlərimiz 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan Vətən torpağını düşməndən geri almaq üçün böyük şücaət göstərdi. Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır”.

 

Teatrın direktoru cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan ordusunun gücünü bir daha göstərdiyini qeyd edib. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələlxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadırlar:

 

“Azərbaycan dövləti bütün beynəlxalq tədbirlərdə, danışıqlarda öz humanist mövqeyini dəfələrlə nümayiş etdirib və bəyan edib ki, biz sülhün, əmin-amanlığın tərəfdarıyıq. Əgər Azərbaycan xalqının sülh təşəbbüsləri nəticə verməzsə, gənclərimiz, qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdırlar. Qeyd etmək istərdim ki, Azərbaycan teatr xadimləri, o cümlədən, Akademik Milli Dram Teatrının kollektivi əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq, onlarda qələbəyə inam hissini aşılamaq üçün bütün gücü ilə çalışır, müxtəlif hərbi hissələrdə görüşlər keçirir və bu, hər zaman belə də olacaq”.

Şərh yaz