Eldəniz Zeynalov – 80

t1Martın 2-də Azərbaycan Teatr Xadimləri İttifaqında bu yaradıcı qurumun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkilatçılığı ilə görkəmli aktyor, respublikanın Xalq artisti Eldəniz Zeynalovun (1937-2002) anadan olmasının 80 illiyi münasibətilə anım tədbiri keçirildi.

Tədbirdə ilk sözü söyləyən ittifaqın sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov hər kəsi salamlayaraq görkəmli aktyor ilə qısa yaradıcılıq ünsiyyətindən və böyük dostluğundan söz açdı.

Tədbirin aparıcısı Teatr Xadimləri İttifaqı sədrinin müavini, Xalq artisti Hacı İsmayılov hələ uşaq yaşlarından Akademik Dram Teatrının səhnəsində uşaq rollarını məharətlə ifa etmiş Eldəniz Zeynalovun o vaxtkı Teatr İnstitutunu hər kəs kimi 5 ilə deyil, 6-7 ilə bitirməsindən danışdı. Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib və Məhərrəm Haşımov kimi görkəmli rejissor-pedaqoqların hamısından dərs almaq istəyi onun tələbəliyinin ömrünü uzadıbmış.

Sənətkarın tələbə yoldaşı, Xalq artisti Rafiq Əzimov institutda hazırladıqları Sabit Rəhmanın «Toy» komediyasında Kərəmov, teatrda isə Mirzə Fətəli Axundzadənin «Hekayəti-xırs-quldurbasan» komediyasında Tanrıverdi obrazlarını yada saldı.

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli isə müəllifi olduğu «Köhnə ev» əsərində Qüdrət Qurbanoviç rolunda çıxış etmiş aktyorun obraza necə böyük həvəs və rəğbətlə yanaşmasından bəhs etdi, mətnə etdiyi yuimprovizələrin nə qədər yerində olduğunu xatırladı.

Hələ «Əhməd hardadır?» filmindən rəngsaz Əhməd – Eldəniz Zeynalov ilə dostluqları başlamış şofer Əhməd – Əməkdar artist Elxan Qasımov isə onunla «Rəqiblər» kinonovellasında birgə işindən, aktyorun kino yaradıcılığından söz açdı.

Eldəniz Zeynalovu Tofiq rolunda çəkməklə ona keçmiş ittifaqda şöhrət qazandırmış görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev isə onunla işləməyin çətin və asan tərəflərindən danışdı. Dedi ki, Eldəniz Quliyev məşq etməyi heç sevməzmiş, çəkilişə tam hazır gələrmiş. Buna görə də quruluşçu rejissor çox aktyorun iştirakı ilə çəkilən epizodlara onu axırda əlavə edərmiş.

Cəmi iki tamaşada – Nodar Dumbadzenin «Darıxma, ana» və İlyas Əfəndiyevin «Qəribə oğlan» əsərlərinin quruluşunda Eldəniz Zeynalov ilə birgə çalışmış qocaman rejissor Ağakişi Kazımov da həmkarının sözünü təsdiqlədi. Ağakişi müəllim dedi ki, Eldəniz xeyli filmdə, «Mozalan» kinojurnalının onlarla süjetində çəkilsə də, bir aktyor kimi öz potensialını çox təəssüf ki, yalnız «Köhnə ev» tamaşasında, «Bir cənub şəhərində» və «Hər şey yaxşılığa doğru» filmlərində göstərə bilib.

Unudulmaz aktyorla eyni səhnəni paylaşmış, filmlərdə çəkilmiş Xalq artisti İlham Namiq Kamal isə sənət dostunu səmimi insan kimi xatırladı, onun başına gələn məzəli əhvalatlardan danışdı.

Tədbir boyu ekranda nümayiş etdirilən film və tamaşalardan parçalar, eləcə də aktyorun sənət dostları, mərhum xalq artistləri Həsənağa Turabov, Yaşar Nuri və Səyavuş Aslanın, Xalq yazıçısı Elçinin telexatirələri nümayiş etdirildi.

Sonda aktyorun oğlu Elbrus Zeynalov ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlıq etdi.

Şərh yaz