Əbülfəs Qarayev mədəniyyət və turizm ictimaiyyətini təbrik edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə respublikamızın mədəniyyət və turizm ictimaiyyətini təbrik edib.

Təbrikdə qeyd olunur ki, yola saldığımız 2016-cı il ölkəmizdə bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərlə Azərbaycan yenə dünyanın diqqət mərkəzində oldu. Ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, V Bakı Beynəlxalq Humanitar Forumu, III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, Formula 1 üzrə Avropa Qran-pri yarışları, Bakı Beynəlxalq Caz Festivalı, V Bakı Beynəlxalq Teatr Konfransı və digər əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına daha geniş imkanlar yaradır.

Təbrikdə deyilir: “2016-cı il xalqımızın daha bir irs nümunəsi – lavaş çörəkbişirmə ənənəsinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə yaddaşlara yazıldı. Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 2017-ci il üçün sədri seçildi. Ölkəmizin nail olduğu bu uğurlar Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə mədəniyyət və turizm sahələrində həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur. Ölkə rəhbərinin turizmin inkişafı məqsədilə imzaladığı sərəncamlar, habelə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” qarşımızda böyük və məsuliyyətli vəzifələr qoyur”.

Nazirin təbrik müraciətində dövlət başçısının sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması, bu kontekstdə keçirilən müxtəlif tədbirlərin Azərbaycanda multikultural dəyərlərin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanır: “Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi yüksək dəyərləndirilir. Təbii ki, ölkəmizin dünyada layiqincə tanıdılmasında, mədəni irsimizin qorunub zənginləşdirilməsində, xalqımızın qonaqpərvərlik ənənələrinin təbliğində mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın rolu və əməyi danılmazdır”.

“Bu il ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artımın olmasında dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü turizm siyasəti mühüm rol oynamışdır. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən turizm nümayəndəliklərinin koordinasiyalı əməkdaşlığı, soydaşlarımızın həmrəyliyi, vətənpərvərliyi də bu proseslərə öz töhfəsini vermişdir. Respublikamızda həyatın bütün sahələri, o cümlədən mədəniyyət və turizm istiqamətləri məhz birgə səylərimizlə davamlı inkişaf edəcəkdir”, – deyə təbrikdə bildirilir.

Nazir sonda bir daha respublikamızın mədəniyyət və turizm sahələrində çalışan bütün insanları, xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb

Şərh yaz