Unudulmaz Yaşar Nurinin 65 illik yubiley gecəsi

img_6174Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin (1951-2012) 65 illik yubileyi münasibətilə xatirə tədbiri keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhum sənətkarın sənət dostları və yaxınları iştirak edirdi.

 

Əvvəlcə iştirakçılar Yaşar Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış oldular.

 

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino sənətinin inkişafında əvəzsiz xidmətləri olub: “Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb”.

img_6188

Vurğulandı ki, Yaşar Nuri yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlarla, biri-birindən maraqlı bədii kompozisiyalar və satirik səhnəciklərdə də tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Onun rol aldığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz həkimi”, “Ac həriflər” və başqa televiziya tamaşaları bu gün də böyük maraqla baxılır. Buna görə də Yaşar Nuri əsl sənətkar kimi hər zaman xalqın yaddaşında əbədi yaşayacaq.

 

Ədalət Vəliyev sənətkar haqqında xatirələrini bölüşərək onu böyük aktyor olmaqla yanaşı, həm də əsl dost, qayğıkeş ailə başçısı kimi xarakterizə etdi.

 

Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemət görkəmli aktyorun yaratdığı obrazlar qalereyasına nəzər saldı. Qeyd etdi ki, sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Onun işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca, Yaşar Nuri də hər zaman yad olunacaq.

 

yasar1Kinoşünas Aydın Kazımzadə, xalq artisti İlham Namiq Kamal, televiziya rejissoru Məhərrəm Bədirzadə Yaşar Nuri haqqında xatirələrini bölüşüb, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.

 

Çıxışlarda Yaşar Nurinin zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verdiyi qeyd olundu. Vurğulandı ki, aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.

 

Sənətkarın övladları Ülviyyə və Ülkər tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür ediblər.

 

Xatirə gecəsində sənətkarın vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olundu.

 

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında Akademik Milli Dram Teatrında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. 1974-cü il dekabr ayının 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb.

 

Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.

 

Qeyd edək ki, xatirə tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir. 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir